Azərbaycanın İranla sərhəddə yerləşən hərbi hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir

Azərbaycanın İranla sərhəddə yerləşən hərbi hissələrinin döyüş hazırlığı vəziyyətinə gətirildiyi və bölgəyə əlavə qüvvələrin cəlb olunduğu bildirilir.
Bu barədə “Qəzetçi” nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, əsgər, gizir və zabitlərin məzuniyyətləri ləğv edilib, məzuniyyətdə olan hərbçilər isə xidmət yerlərinə geri çağırılıb. Həmçinin, sərhəd xəttində pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemlərinin yerləşdirildiyi qeyd olunur.
Müdafiə Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığında Azərbaycan ərazisinin İrana qarşı mümkün hücumlarda istifadə edilməyəcəyini bəyan etmişdi.
Fevralın 28-də ABŞ və İsrail İrana havadan zərbələr endirməyə başlayıb. ABŞ prezidenti Donald Tramp hücumun başlamasını elan etdiyi çıxışında iranlıları hakimiyyəti ələ keçirməyə çağırıb.
İranın Qırmızı Aypara Cəmiyyətinin martın 3-nə olan məlumatına görə, hücumlar nəticəsində İranda azı 787 nəfər həlak olub.