Gültəkin Hacıbəylinin saxlanıldığı bildirilir

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin saxlanıldığı bildirilir.
"Azadlıq" qəzetinin xəbərinə görə, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində axtarış aparılır.
Hazırda onun dindirilmək üçün DTX-yə aparıldığı bildirilir.
Gültəkin Hacıbəyli ötən ilin dekabrında Azərbaycana deportasiya edilməsi üçün Türkiyədə saxlanılmışdı.
Yalnız bu yaxınlarda o, Türkiyədən Azərbaycana deportasiya olunmuşdu.
Onun sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı güman olunur.
Mehdiyevə qarşı cinayət işi ötən ilin oktyabrında açılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
Onun özünün ittihamlara münasibəti məlum deyil.
Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Hökumətyönlü mətbuat yazırdı ki, R.Mehdiyev Azərbaycanda hakimiyyəti dəyişmək üçün G.Hacıbəyli ilə əməkdaşlıq edib.
G.Hacıbəyli isə daha öncə "Toplum TV"-yə açıqlamasında ittihamları rədd edib, R.Mehdiyev vəzifədə olarkən şəxsinə qarşı düşmənçilik apardığını deyib.