“Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməz hərəkət və davranışlarının, müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıca məqam ictimai motiv olmalıdır”.
Mətbuat Şurasının yaydığı bəyanatda belə deyilir.
Qurum bildirib ki, jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər: “Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir statusda olub-olmadıqları müəyyənləşdirilsin”.
Mətbuat Şurası xatırladıb ki, əgər jurnalist hansısa sosial şəbəkə istifadəçisinin qərəzə, şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayırsa, deməli, qərəz və ədavətin dərinləşməsində vasitəyə çevrilir.
“Cəmiyyət media orqanını və ya jurnalisti yalan, yaxud qızışdırıcı mahiyyətli, qərəzli bilgi yayan hansısa sosial şəbəkə profili sahibindən fərqləndirə bilmirsə, deməli, jurnalistikaya etibar yoxdur. Təəssüf ki, hazırda həm də belə bir durumun şahidiyik” - deyə MŞ qeyd edib.
Son illər ölkədə jurnalistlərin həbsi ilə bağlı statistika da diqqət çəkir. 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın media təmsilçisi həbs olunub. Onlar irəli sürülən ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri və siyasi sifarişlə əlaqələndirirlər.
Avropa Şurasının Jurnalistikanın qorunması və jurnalistlərin təhlükəsizliyi üzrə platformasının son hesabatına görə, Azərbaycan həbsdə olan jurnalist sayına görə Avropada Belarusdan sonra ikinci yerdədir.
Jurnalist alətə çevrilməməlidir