Şəhid Seyid Həsən Nəsrullahın sui-qəsdi ilə bağlı bir nəfər saxlanılıb

Xəbər mənbələri Livan təhlükəsizlik qüvvələrinin Seyid Həsən Nəsrullahın şəhid edilməsində dolayı yolla iştirak etdiyi iddia edilən bir şəxsi saxladığını bildirib.

Livanlı jurnalist Abdullah Kamah Livan vətəndaşının Livan Baş Təhlükəsizlik İdarəsi tərəfindən saxlanıldığını və Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın sui-qəsdi ilə əlaqədar İsrail rejimi ilə əlaqədə olduğunu bildirən bir video yayımlayıb.

Kamah bildirib ki, həmin şəxs Hizbullahın Qəzza zolağını dəstəklədiyi müharibə zamanı Beyrutun cənub ətrafındakı Dahiye bölgəsinə bir neçə nəfərlə birlikdə gedib-gəldiyini etiraf edib.

Livanlı jurnalistin sözlərinə görə, saxlanılan şəxs Beyrutun cənubundakı müəyyən yerləri hədəf alan cihaz daşıyıb. Araşdırmalar nəticəsində məlum olub ki, bu yerlər Hizbullah tunelinin girişləri və ya qurğuları olub.

Kamah bildirib ki, cihaz yeraltı qurğuların dərinliyini ölçüb və beləliklə, sionist rejiminə bu qurğuları hədəf almaq üçün bomba seçməkdə kömək edib.

İstintaq zamanı həmçinin müəyyən edilib ki, şəxsin araşdırdığı yerlərdən biri Seyid Həsən Nəsrullahın şəhid olduğu ərazidir.

Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullah 27 sentyabr 2024-cü ildə Beyrutun cənub ətrafı olan Dahiyeyə İsrail hava hücumu nəticəsində həlak olub. İsrail döyüş təyyarələri tərəfindən həyata keçirilən bu hücum Hizbullahın Beyrutdakı əsas qərargahını hədəf alıb.

Hücum nəticəsində həmçinin bir neçə yüksək rütbəli Hizbullah komandiri, eləcə də həmin vaxt ərazidə olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun Əməliyyatlar üzrə komandir müavini briqada generalı Abbas Nilforuşan şəhid olub.

Hizbullahın İcra Şurasının sədri Şəhid Seyid Haşim Səfiyuddin də 4 oktyabr 2024-cü ildə Beyrutun cənub ətrafına İsrail hava hücumu nəticəsində şəhid olub. Ağır bombardmanlarla həyata keçirilən bu hücum çoxsaylı binaların dağılmasına səbəb olub.

Hizbullah Səfiyuddinin şəhid olduğunu rəsmi olaraq 23 oktyabr 2024-cü ildə elan etdi. Hücumun yaratdığı genişmiqyaslı dağıntılar və İsrail qüvvələrinin axtarış-xilasetmə qruplarının əraziyə girişinə mane olması səbəbindən onun qalıqlarının tapılması və şəxsiyyətinin müəyyən edilməsi prosesi gecikib.

Şəhid Seyid Həsən Nəsrullah və Şəhid Seyid Haşim Səfiyuddinin qalıqları 23 fevral 2025-ci il bazar günü Livanın cənubunda keçirilən mərasimlə dəfn edilib.