Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. 

Fevralın 4-də ilk iclasını keçirilən komitəyə Milli Şuranın sədri Cəmil Həsənli və hüquq müdafiəçisi Leyla Yunus həmsədr seçilib. 

Komitə ilk bəyanatında Ə.Kərimliyə qarşı ittihamların siyasi sifariş olduğunu bildirib. 

"Əli Kərimli 20 ildən artıqdır xaricə çıxış hüququndan məhrum edilmiş, rəhbərlik etdiyi partiyanın ofisləri məhkəmə qərarı olmadan bağlanmış  və ya fəaliyyət imkanları məhdudlaşdırılmış, hətta partladılmışdır. Sadalanan faktlar göstərir ki, Əli Kərimliyə qarşı qaldırılmış cinayət işi hüquqi deyil, siyasi xarakter daşıyır, onun özünün və liderlik etdiyi partiyanın fəaliyyəti ilə birbaşa bağlıdır. Müdafiə Komitəsi iki aydan artıq davam edən həbs qətimkan tədbiri dövründə heç bir ciddi istintaq hərəkətinin aparılmamasını, ittihamın hər hansı sübut təqdim etməməsini bu işin qanuni əsaslardan uzaq, siyasi motivli olması, Əli Kərimlinin azadlığının məqsədli və qanunsuz olaraq məhdudlaşdırması kimi qiymətləndirir", - deyə qeyd olunub. 

Müdafiə komitəsi Azərbaycan hakimiyyətindən Ə.Kərimlini və onunla birgə həbs olunmuş AXCP Ali Məclisinin katibi Məmməd İbrahimi azad etməyə çağırıb. 

Ə.Kərimli və M.İbrahim ötən il dekabrın 1-də həbs olunublar. 

Onlar sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevlə əlbir olaraq hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunurlar. 

R.Mehdiyevə qarşı ötən ilin oktyabrında eyni ittihamla cinayət işi açılıb, barəsində ev dustaqlığı qərarı verilib. 

Habelə, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilmək üçün Türkiyədə saxlanılıb. Sabiq baş nazir müavini Abbas Abbasov barəsində isə axtarış elan olunub. 

R.Mehdiyevin və A.Abbasovun ittihamlara münasibəti məlum deyil. 

Digərləri isə ittihamları rədd edir, müxalif fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.