ABŞ-nin Danimarkadakı səfirliyi qarşısında Qrenlandiyadakı vəziyyətlə bağlı aksiya keçirilib

Şənbə günü minlərlə insan ABŞ-nin Danimarkadakı səfirliyi qarşısında Qrenlandiyadakı vəziyyətlə əlaqədar səssiz etiraz aksiyası keçirib.

Bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, etiraz Kopenhagendəki Danimarka Veteranlarına Dəstək Assosiasiyası tərəfindən təşkil edilib. Veteranlar və digər etirazçılar əvvəlcə Kastellet qalasında toplaşıblar, sonra isə ABŞ səfirliyinin binasına doğru irəliləyiblər. Daha sonra etirazçılar Danimarka Ordusu və polisinin xatirəsi ilə beş dəqiqə sükut anları elan ediblər.

"Çoxu Amerika qoşunları ilə birlikdə döyüşən yüzlərlə danimarkalı veteran və onların minlərlə tərəfdarı şənbə günü Kopenhagendəki ABŞ səfirliyinin qarşısında Tramp administrasiyasının Qrenlandiyanı ələ keçirmək təhdidlərinə və Trampın onların müharibə səylərinə verdiyi töhfələri azaltmasına cavab olaraq səssiz etiraz aksiyası keçiriblər", - məlumatda deyilir.

Etirazçılar həmçinin ABŞ səfirliyinin qarşısında 52 Danimarka bayrağı qaldırıblar. Bayraqlarda Əfqanıstan və İraqda həlak olan 52 danimarkalı hərbçinin adları həkk olunub.

Tramp 21 yanvarda NATO-nun baş katibi Mark Rutte ilə görüşün Qrenlandiya ilə bağlı gələcək razılaşmanın təməlini qoyduğunu elan edib.

Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə adanın ABŞ-nin bir hissəsinə çevrilməli olduğunu bildirib. Danimarka və Qrenlandiya hakimiyyəti Vaşinqtonu adanı ələ keçirməmək barədə xəbərdar edərək, ərazi bütövlüyünə hörmət olunmasını gözlədiklərini bildiriblər.