Fərqlilikdə seçim prinsipi

Təbiət yaradılışdakı fərqləri hiss edilmədən öz axarı ilə üzə çıxarmaqla insan düşüncəsinə təsir göstərərək seçimini individuallaşdırır. İnsan seçimlər müqabilində daha dəyərli, zəruri, lazımi, ehtiyac duyulacaq və sair xüsusiyyətə malik olanları dəyərləndirərək həyatına rəng qata, ən əsası məqsədi, insan olaraq yaradılışına töhvə vermiş olur.
Lakin bu həyatın qeyri təbii axınında təbiətin bəxş etməsi qədər asan deyil. İnsan əlinin məhsulu olan fərqliliklər daha çox araşdırma, diqqət və iradə tələb edir ki, bu sonralar problemlərə yol açmasın. Əlbəttə ki, bunun üçün fərqlərin ortaya qoyulması, fərqli çeşidlərin olması əsasdır.
Əgər biz mağazaya daxil oluruqsa oradakı təqdim edilən çeşidləri incələyir, daha yaxşı və dəyərli olanı seçməyə çalışırıq. Bu maddi olan hər bir sahədə bu gün milyonlarla nümunəsi olan həyat tərzimizdir. Monopoliya adlanan günün bəlası bəzən seçim imkanlarını məhdudlaşdıraraq yalnız bir olan və ya eyni olandan birini seçmək kimi məcburi seçim gerçəkləşdirir ki, belə olan halda fərqliliklər deyil, diktələrin qurbanı olaraq qəbullanmaq məcburiyyətində qalırıq.
Bu təkcə maddi deyil, mənəvi, psixoloji, dini, elmi sahədə də eyniliklə belədir. Bir cəmiyyətdə ədalətin bərqərar olması üçün insanların onun ədalət məfhumunda doğru bildiklərini özündə ehtiva edən siyasi baxışların araşdırması ilə seçim etməsinə ehtiyac var. Məhz siyasi partiyalar, müxalifət bu kimi özəlliklərdən yaranır ki, hər kəs fərqləri müəyyən edərək seçimində öz gələcəyini müəyyən etsin.
Eyni halda medianın çoxsaylı fərqli yanaşmaları hər kəsin özünü aid olduğu tərəfi seçmə, bu istiqamətdə çalışma və dəstək göstərməsinə zəmin olur. Dinlər, məzhəblər də eyni xətt üzərində çalışaraq fərqliliklər ortaya qoyaraq insanın ruhuna müvafiq olan doğrunu seçmək tələbini ona göstərə bilir.
Təəssüf! Hər ötən gün monoton vəziyyət alan Azərbaycan gerçəkliyində müstəqillikdən günümüzə qədər uzanan fərqlər sürətlə ortadan çıxarılaraq hər şey bir rəng almağa başlayıb. Zamanla onlarla müxtəlif siyasi partayaların böyük əksəriyyəti özünü buraxaraq hakim partiyanın nümayəndəliyinə, diqtəsinə çevrilərək eyniliklə onun söylədiyinin təkrarçısıdır.
Toplantı, konfrans, məhkəmə salonları önündə sıralanan fərqli baxışlı media mənsubları sürətli həbs və işgəncələrlə üzləşərək yox olma təhlükəsi ilə üz-üzədir. Onları əvəz edən media orqanları isə sankı AZTV nümayəndəliyi kimi hamı eyni söz və eyni fikri ixrac etməklə məşğuldurlar.
Dini seçimləri yalnız hakimiyyətin sültəsi altında mövcudluq formasına salaraq hər kəsin seçim imkanı deyil, məcburi qəbul formasına gətirilməsi də bu gerçəklilərdəndir. Hansı ki, seçimlərlə insan həqiqəti tapa, seçə və onun uğrunda bütün varlığı ilə mübarizə apararaq bunu həyat amalına çevirə bilərdi...
Ölkəmiz sürətli monoton bir hal alaraq fərqlərin deyil, seçimlərin qəbulu ilə məlum idarəçiliyin təsiri altındadır. Bunun hansı fəsadlara gəlib çıxacağını görmək üçün isə dünəndən bu günə baxmaq yetərlidir ki, bu gündən sabaha hansı acınacaqlı hala eniləcəyi aydın olsun.