“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev "Euronews" telekanalına müsahibəsində deyib.
İ.ƏIlyev qeyd edib ki, əvvəllər reaksiya verilirdi:
"Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".
İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı "təcavüzkar mövqedə" olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır:
"Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər".
Dekabrın 18-də Avropa Parlamenti Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğunu bildirən və Azərbaycan hökumətindən onları azad etməyi tələb edən qətnamə qəbul edib.
“Parlament Azərbaycanı ifadə azadlığı və akademik azadlıq da daxil olmaqla, beynəlxalq insan hüquqları üzrə öhdəliklərə və standartlara hörmət etməyə və qanunvericiliyini onlara uyğunlaşdırmağa çağırır. Parlament, həmçinin, Avropa İttifaqını Azərbaycanda insan hüquqlarını və demokratik idarəçiliyi daha da dəstəkləməyə, o cümlədən vətəndaş cəmiyyətinə dəstəyin artırılmasına çağırır və diplomatik əlaqələrin Aİ-nin əsas dəyərlərinə uyğun qalmasını təmin etməyi tələb edir”, - qətnamədə deyilirdi.
Qətnamədə, həmçinin, Avropa İttifaqından Azərbaycanla əməkdaşlıq sazişlərinə yenidən baxılması istənilib.
“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”