İsrail Suriyadan çıxan deyil – Baş Qərargah Rəisi

İsrail ordusu Suriyanın cənubunda yerləşən və “təhlükəsizlik bufer zonası” adlandırılan bölgədəki hərbi varlığını gücləndirir. İsrail Baş Qərargah Rəisi Eyal Zamir, bazar günü həmin bölgədə yerləşən işğalçı qüvvələrə baş çəkərək müdafiə və hücum əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqlədiyini açıqlayıb.

Zamir səfər zamanı bəyan edib ki, “Bu bölgə həyati əhəmiyyət daşıyır. Suriya parçalandığı üçün girdik və əsas mövqeləri tuturuq. Strateji baxımdan bu nöqtədən hər şeyi müşahidə edə bilirik.”

İsrail Suriyadan çıxan deyil…

İsrail ordusunun məlumatına görə, paraşütçü birlikləri bu ayın əvvəlində İsrail-Suriya sərhədi yaxınlığında bir sıra “müdafiə əməliyyatları” həyata keçirib. Əməliyyatlar zamanı Suriya ordusuna məxsus hərbi texnika, tanklar, zirehli nəqliyyat vasitələri və silah-sursat anbarları məhv edilib. Onlarla raket və minaatan silahları da ələ keçirilib.

JNS xəbər agentliyi bildirir ki, vəziyyətə dair təhlil İsrailin Şimal Komandanlığının rəhbəri general-mayor Uri Gordin və 210-cu Diviziyanın komandiri general Yair Palai ilə birgə aparılıb.

Suriya ərazisində daimi mövcudluq planı

İsrailin müdafiə naziri Israel Katz, ordunun Suriyada “müddətsiz” qalacağına dair qətiyyətini bir neçə dəfə dilə gətirib. Nazirlər Kabinetinin katibi Yossi Fox da bu strategiyanı təsdiqləyərək, “Qəzza, Livan və Suriya ərazilərindəki təhlükəsizlik zonaları daimi olacaq,” – deyə bildirib.