Yeni siyasi məhbus siyahısında say 357-yə yüksəlib

"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda" İttifaq siyasi məhbusların siyahısını yeniləyib.
Yenilənmiş siyahıda 357 nəfərin adı var.
Bundan əvvəlki siyahı ötən il 12 dekabrda yayımlanmışdı. O zaman siyahı 331 nəfərdən ibarət idi.
Yenilənmiş siyahıda olanlar arasında jurnalistlər Fərid İsmayılov, Şəmşad Ağa, Şahnaz Bəylərqızı və İmişlidə iğtişaşlar zamanı həbs edilmiş 13 nəfər də var.
Siyahıya daxil edilən şəxslər 12 qrupla təsnif edilib: "jurnalistlər və blogerlər" - 27 nəfər, "hüquq müdafiəçiləri" - 4 nəfər, "müxalif partiya və vətəndaş cəmiyyəti üzvləri" - 32 nəfər, "milli azlıqların fəalları" - 4 nəfər, "müharibə əleyhinə fəallar" - 2 nəfər, "Söyüdlü kəndinin işi üzrə" - 2 nəfər, "Almaniyadan deport olunmuş siyasi mühacirlər" - 5 nəfər, "İmişli işi üzrə həbs olunanlar" - 13 nəfər, "dindarlar" - 235 nəfər, "Tərtər işi üzrə həbs olunanlar" - 8 nəfər, "Gəncə işi üzrə həbs olunanlar" - 13 nəfər, "ömürlük həbs olunanlar" - 12 nəfər.