Aİ hökuməti İşgəncələr Əleyhinə Komitə ilə dialoqu bərpa etməyə çağırıb

Avropa İttifaqının Avropa Şurasındakı nümayəndəliyi sentyabrın 11-də Strasburqda keçirilən Nazirlər Şurasının iclasından sonra bəyanat yayıb.
Bəyanatda qeyd edilib ki, Avropa İttifaqı sözügedən sənəddə İşgəncələrin və Qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (İƏK) Azərbaycanla bağlı açıq görüşləri nəzərə alıb.
“Biz Azərbaycan hökuməti ilə İşgəncələr Əleyhinə Komitə arasında davamlı əməkdaşlığın olmamasından təəssüflənirik və Azərbaycan rəsmilərini Komitə ilə konstruktiv dialoqu bərpa etməyə çağırırıq.
Biz Azərbaycan hakimiyyətini Komitənin bəyanatında qaldırılan məsələləri öz beynəlxalq öhdəliklərinə, o cümlədən Azərbaycanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq həll etməyə çağırırıq”, – sənəddə qeyd edilib.
Aİ bəyanatda Azərbaycanda ötən ildən başlayan müstəqil jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin həbslərinin narahatedici tendensiyasını diqqətə çatdırıb.
“Biz Azərbaycanı şəffaflığı və lazımi prosesi, eləcə də bütün məhbuslar üçün layiqli və təhlükəsiz şəraiti, o cümlədən onların səhiyyə və müstəqil hüquqi xidmətlərə tam çıxışını təmin etməyə, işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza ilə bağlı ciddi məsələləri həll etməyə çağırırıq”.
Avropa İttifaqının bəyanatının sonunda qeyd edilib ki, qurum ortaq beynəlxalq öhdəliklərə uyğun olaraq, insan hüquqları və qanunun aliliyi də daxil olmaqla Azərbaycanla əməkdaşlığın bütün əsas istiqamətləri üzrə dialoqu davam etdirməyə sadiqdir.
 
AbzasMedia