QHT-lərə qarşı repressiv olan ölkələr - siyahıda Azərbaycan da var

Dünyada bir çox hökumətlər qeyri-hökumət təşkilatlarına (QHT) hücumları artırlar. QHT-ləri və əməkdaşlarını nəzarətə məruz qoyan, qorxunc bürokratik əngəllər və daim həbs olunmaq vahiməsi yaradan qanunlar yaradılır. Bu haqda "Amnesty International” hüquq müdafiə təşkilatı yeni açıqladığı "Susdurmaq üçün hazırlanmış qanunlar: vətəndaş cəmiyyəti təşkilatlarına qlobal təzyiq” adlı hesabatında deyilir.
 
Hesabatda QHT-lərin vacib işlərini görməsini qarşısını almaq üçün qorxuducu texnikadan və repressiv qaydalardan istifadə edən ölkələrin sayı açıqlanır və bu rəqəm heyrət doğurur. 
 
Belə ki, 50 ölkədə QHT-lərə qarşı qanunların ya artıq həyata keçirildiyi, ya da hazırlanma mərhələsində olduğu üzə çıxıb.
 
Təkcə son iki ildə dünyada birləşmək hüququnu əngəlləyən, vətəndaş cəmiyyəti təşkilatlarının işini önləmək məqsədi güdən 40 qanun ya işə salınıb, ya da hazırlanmaqdadır. Bu qanunlarda adətən qurumların qeydiyyat prosesi, onların işinin monitorinqi, resurs mənbələrinin məhdudlaşdırılması, üzərlərinə qoyulmuş məntiqsiz tələblərə əməl etmədikləri halda bağlanmaları nəzərdə tutulur.
 
Rusiyada isə hökumət xaricdən maliyyələşən QHT-lərə ‘xarici agent’ damğası vurub. Bu, ‘casus, xəyanətkar, dövlətin düşməni’ ifadələrinə sinonim sayılır. Hökumət bu qanunu o dərəcədə geniş tətbiq edir ki, hətta diabet xəstələrini dəstəkləyən quruma belə cərimə kəsilib”, – hesabatda deyilir.
 
"Amnesty International" QHT-lərin Belarusda, Pakistanda, Macarıstanda üzləşdiyi çətinliklərdən də söz açır.
 
"Bizi və digər təşkilatların başına nə iş gələcəyini, bundan sonra hansı qanunların qəbul olunacağını bilmirik”, – qurumun Macarıstan ofisindən Aron Demeter deyib.
 
"Əməkdaşlarımızdan bir neçəsi İnternetdə trolların hücumuna məruz qalıb, bəziləri zorakılıqla təhdid olunub. Bəzi məkanlar tədbirlərimizi keçirməyə bizə yer verməkdən imtina edib, bəzi məktəblər isə təqiblərdən çəkinərək insan haqlarına dair maarifləndirmə işi aparmağımıza icazə verməyib”, – o, sözlərinə əlavə edir.
 
 
Azadlıq Radiosu