Əl-Cəzirə: Müxalifət fəalları hökumətin qadağasına baxmayaraq, Tunisdə mitinq keçirirlər

Tunisin müxalif Milli Qurtuluş Cəbhəsinin fəalları bazar günü bir sıra siyasi fəalların təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməsinə, həmçinin fərdi və kollektiv azadlıqların pozulmasına etiraz olaraq küçə yürüşünə çıxıblar.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Təşkilat bu həftə paytaxt qubernatoru Kamel Fekihin onun təşkilinə icazə verməməsinə baxmayaraq mitinqi keçirir.

Respublika meydanına toplaşan müxalifət və həmkarlar ittifaqı fəalları Həbib Burqiba prospektinə doğru hərəkət edirlər. Onlar əllərində Tunis bayraqları və şüarlar yazılmış plakatlar daşıyırlar.

Qeyd edək ki, ilin əvvəlindən hakimiyyət orqanları Şaima Aissa, Rida Belhadj, Jauhar Ben Mbarek də daxil olmaqla bir sıra müxalif lideri dövlət təhlükəsizliyinə qarşı sui-qəsddə iştirakda şübhəli bilinərək həbs edib. Müxalifət bu ittihamları əsassız hesab edir.