Jurnalist Rəşad Ramazanov saxlanıldığı 11 saylı Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qaldığını bildirib. Qəzetçi-yə ünvanladığı məktubda Ramazanov bildirib ki, o cəzaçəkmə müəssisənin rəhbəri Şakir Qəniyev tərəfindən qəddarcasına döyülüb.
“Şiddətli ağrılarım var. O dərəcədə ağrıyıram ki, zarıyıram və yanımda yatan məhkumlar səsimdən narahat olurlar. Rəis isə mənə deyir ki, Qənimət Zahidə (Azərbaycan saatı internet kanalı) verdiyin müsahibədə 3 nəfər məhkumun öldürüldüyünü demisən. Elə etmə ki, dördüncüsü sən olasan”, – deyə Ramazanov həbsxana rəisinin onu həm də ölümlə təhdid etdiyini yazıb.
Ramazanov məktubunda qeyd edib ki, Şakir Qəniyev tək siyasi məhbuslara qarşı yox, digər məhbusların da ləyaqətini alçaldan hərəkətlərə yol verir.
Jurnalist yazıb ki, həbsxana rəisinin davranışlarına görə həm də Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov və ədliyyə nazirli Fərid Əhmədov məsuliyyət daşıyır.
Qeyd edək ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 15.1.4-cü maddəsində qeyd edilir ki, həbs edilmiş şəxslər işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
Qanunun 22-ci maddəsində isə qeyd edilir ki, bu hallar qeydə alınanda həbsxana müdriyyəti tərəfindən qeydə alınmalı və müvafiq tədbir görülməlidir. İndiki halda Rəşad Ramazanov məhz həbsxana rəhbəri tərəfindən döyüldüyünü yazır.
“Fərid Əhmədov dəfələrlə bəyan edib ki, məhkumları təhqir etmək, onlara işgəncə vermək cinayət tərkibi yaradan əməldir. Belə əməl törədən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Yalnız Şakir Qəniyevin hələ də işinin başında olması Fərid Əhmədovun yalançı olduğunu sübut edir”, – deyə Ramazanov bildirib.
Ailəsindən bildirilib ki, maddi imkanları olmadığından Rəşad Ramazanovu vəkillə təmin edə bilməyiblər. Onun döyüləndən sonra tibbi müayinədən keçib-keçmədiyinə dair məlumat əldə etmək mümkün olmayıb. Penitensiar Xidmətin Mətbuat Xidməti iddialarla bağlı Qəzet-çinin suallarını cavablandırmayıb.
Jurnalist Rəşad Ramazanov həbsxana rəisinin onu ölümlə təhdid etdiyini yazıb