İsveç: Rusiya NATO prosesini pozmaq üçün Quranın yandırılması ilə bağlı dezinformasiya yayır

İsveç rəsmiləri Rusiyanı Quranın yandırılması ilə bağlı dezinformasiya yayaraq ölkənin NATO-ya üzvlük prosesini əngəlləməyə çalışmaqda ittiham edib.

İsveç Psixoloji Müdafiə Agentliyi bəyan edib ki, Rusiyada dövlətin nəzarətində olan RT və Sputnik media orqanları İsveç hökumətinin Qurani-Kərimi yandırmasını dəstəkləyən bir sıra ərəbcə məqalələr dərc edərək dezinformasiyalar yayıblar. Müdafiə Nazirliyinin nəzdində dezinformasiya ilə mübarizə məqsədilə 2022-ci ildə yaradılan agentliyin məlumatına görə, iyunun sonundan etibarən ərəb və digər dillərdə bir milyona yaxın məqalə dərc olunub.

Zaman keçdikcə dezinformasiya təkrarlandıqca insanların yalan məlumatlara inanması və onu həqiqət kimi qəbul etməsinin asanlaşdığını vurğulayan agentlik Rusiyanın müqəddəs kitabın yandırılmasının dünyada bu şəkildə necə qəbul olunduğuna təsir göstərməyə çalışdığını bildirib.

Agentlik bu təşəbbüsün İsveçin NATO-ya üzv olmaq üçün müraciətini əngəlləmək cəhdinin bir hissəsi olduğuna inandığını vurğulayıb. İsveçin üzvlüyü hələ Türkiyə və Macarıstan tərəfindən ratifikasiya olunmayıb.

Agentliyin sözçüsü Mikael Östlund verdiyi məlumatda, iki iraqlı Salvan Momika və Salvan Najemin Qurban bayramında Stokholm məscidi qarşısında Quranı yandırmasından sonra internetdə yayılan dezinformasiyanın hədsiz dərəcədə artdığını bildirib.

“İsveçin Quranın yandırılmasını dəstəklədiyi və bunun islamofob və İslama düşmən olduğu ritorikasının” təkrar edildiyini bildirən Östlund, “Rusiyanın İsveçi pis göstərəcək və onu pisləşdirəcək ritorikadan istifadə etməsinə təəccüblənmirik. Şübhəsiz, mövcud vəziyyətdə NATO-ya üzv olmaq çətindir” deyib.

İyun və iyul aylarında RT və Sputnik kimi kanallarda bu cür diskursları ehtiva edən yazıların olduğuna diqqət çəkən Östlund, "Beləliklə, ərəb dilli insanlar arasında gərginliyi artıracaq səslərini eşitdirmək istədikləri aydındır" söyləyib.

Bu kanalların dövlət kanalları olduğunu xatırladan sözçü, Rusiya hökuməti ilə bağlı hər qərarın Kreml tərəfindən bəyənildiyini nəzərə alaraq, bu diskursların Kremlin istəklərinə uyğun olduğunu müdafiə edib.

İsveç hökuməti son vaxtlar Quranın yandırılması ilə bağlı çox təzyiq altındadır. Hökumət və hakimiyyət bu hərəkətlərin ölkənin müsəlman dünyası ilə əlaqələrini pozacağından və ölkə daxilində təhlükəsizlik problemi yaradacağından narahatdır. İsveçdə müqəddəs kitablara, o cümlədən Qurana "hörmətsizliyin qarşısını alan" heç bir hüquqi tənzimləmə yoxdur. İfadə azadlığı çərçivəsində müqəddəs kitabların yandırılmasına da icazə verilir.

İsveç hökuməti israr edir ki, icazələr təsdiq demək deyil. İsveç və onun qonşusu Danimarka bu cür reaksiyaların qarşısını almaq üçün hüquqi sənəd hazırlamaq üçün vəziyyəti qiymətləndirir.