“İsraili çətin günlər gözləyir”

KİV-in məlumatına görə, İran lideri artıq İsrailə zərbə endirmək əmri verib

İsraili “çətin günlər” gözləyir, lakin ölkə istənilən təhlükəyə tab gətirməyə hazırdır. Bu barədə baş nazir Benyamin Netanyahu bildirib. O, ilk dəfə İsmayıl Haniyənin öldürülməsindən və bir sıra Yaxın Şərq siyasətçilərinin sərt çıxışlarından sonra danışıb. Belə ki, medialar İranın Ali lideri Ayətullah Xameneinin İsrailə zərbə endirmək əmri verdiyini yazır.

Benyamin Netanyahu, İsrailin Baş naziri:

“Bizi çətin günlər gözləyir. Beyrut hücumundan sonra hər tərəfdən təhdidlər gəlir. Biz istənilən ssenariyə hazırıq və bütün gücümüzlə istənilən təhlükəyə qətiyyətlə qarşı çıxacağıq. İsrail istənilən cəbhədə ona qarşı təcavüzün əvəzini ödəyəcək”.

İsrail mediasının məlumatına görə, artıq bütün dünyada yəhudi dövlət diplomatlarına təhlükəsizliyi daha da artırmaq və ictimai tədbirlərdən qaçmaq tapşırılır.

 

Beynəlxalq ictimaiyyət tərəfləri aqressiv ritorikadan əl çəkməyə çağırır.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib ki, Beyrut və Tehrandakı zərbələr yalnız “Qəzzada atəşkəs, israilli girovların azad edilməsi, humanitar yardımların çatdırılması və Livanda gərginliyin azaldılmasına yönəlməli olan” səylərə zərbə vurur.

İtaliyanın xarici işlər naziri Antonio Tajani Yaxın Şərqin açıq müharibəyə girə biləcəyindən narahatlığını ifadə edib.