İqtisadçılar keçmiş deputat Nazim Bəydəmirli ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıb

Müstəqil iqtisadçılar keçmiş millət vəkili və iş adamı Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin dəyişdirilməsinə kömək etməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

İqtisadçılar müraciətlərində bildiriblər ki, onlar Nazim Bəydəmirlinin həbsdə saxlanılmasından narahatdırlar.

"Vəkilləri, ictimaiyyət nümayəndələri Nazim müəllimin həbsinin ötən il Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazına diqqətlə yanaşmanın vacibliyini qeyd etməsi ilə əlaqələndirirlər. Axı o özü Gədəbəylidir. Təbii ki, tanınmış ziyalı və iş adamı olduğuna görə biganə qala bilməzdi" - deyə, müraciətdə qeyd olunur.

İqtisadçılar Nazim Bəydəmirlinin həm millət vəkili olduğu dövrdə, həm də sonrakı illərdə ictimai xadim, iş adamı kimi dövlətə, cəmiyyətə faydalı işlər gördüyünü bildiriblər:

"O, ictimai çıxışlarında ölkəmizin uğurlarını qeyd etməklə yanaşı, mövcud iqtisadi problemlərin həlli yollarını da həmişə göstərməyə çalışmış, təkliflər vermişdi. Bu da sizin ölkəmizdə ictimai nəzarətin vacibliyi ilə bağlı çıxışlarınızda qoyulan tələblərə tamamilə uyğundur".

Müraciəti imzalayanlar vurğulayır ki, Nazim Bəydəmirli hazırda 61 yaşındadır, ömrünün 1 ildən artığını həbsxanada keçirib, səhhətində ciddi problemlər var.

"Onun barəsində seçilmiş həbs qətimkan tədbirləri bir neçə dəfə uzadılıb, artıq iki aydan çoxdur məhkəməsi davam etdirilir. Sizdən xahiş edirik ki, Milli Məclisin keçmiş üzvü, ziyalı, iqtisadçı-alim kimi onun fəaliyyətini, səhhətinin hazırki durumunu nəzərə alaraq, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, ona qarşı irəli sürülmüş ittihamların ədalətli, şəffaf şəkildə araşdırılmasına yardım edəsiniz" - deyə, müraciətdə deyilir.

Müraciəti imzalayanlar:

Sabit Bağırov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri

Rasim Həsənov, İqtisad elmləri doktoru, İqtisad Universitetinin professoru

İnqilab Əhmədov, İqtisad elmləri doktoru, Xəzər Universitetinin professoru

Azər Mehtiyev, İqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisad Universitetinin dosenti

Elçin Rəşid, iqtisadçı ekspert

Samir Əliyev, iqtisadçı ekspert

Zöhrab İsmayıl, iqtisadçı ekspert

2023-cü ilin iyulun 5-də Nərimanov Rayon Məhkəməsi Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə təkrar tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

"Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", mətbuat xidməti bildirib.

Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.