Gəncə İmamzadə Kompleksi - VİDEO

Əhli-beyt (ə) məkanı, İmam Hüseyn (ə) şəhəri Gəncə. Milli dəyərlərimizi yaşadan bu məkan eyni halda dinin inancın qorunması və inkişafında da müstəsna rola malikdir. Gəncəni əlatə edən məscid və ziyarətgahlar bu xalqın ruhunda İlahi eşqə körpü olaraq hər bir fərdin Rəbbinə yaxınlaşma amilidir. Belə məkanlardan biri də Gəncə İmamzadəsidir. İmamzadə Gəncə şəhərinin təqribən 7 kilometrliyində yerləşir. Burada beşinci İmam Məhəmməd Baqirin (ə) oğlu İbrahim dəfn olunub. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən deyil. Memarlıq quruluşuna görə, türbənin XIV əsrin sonu XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal olunur. Türbənin hündürlüyü 12 m, günbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir. 
Müxtəlif vaxtlarda dağıntılara məruz qalan İmamzadə ziyarətgahı 1946-cı ildən İmamzadə piri kimi fəaliyyət göstərir. 1970-ci illərdə İmamzadənin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilir. Müxtəlif vaxtlarda, hətta sovet dövründə İmamzadədə tarixi abidə kimi təmir-bərpa işləri aparılır. Eyni zamanda, bu, sovet dövründə rəsmi dövlət qeydiyyatından keçmiş yeganə ziyarətgah olur. Dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. 
Prezidentin sərəncamı ilə 2010–2016-cı illərdə İmamzadə kompeksində əsaslı yenidənqurma və restavrasiya işləri aparılır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilir. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilir. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülür və kaşı materialla örtülür. Ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirir. Ziyarətgahın üçmərtəbəli əsas binasının birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxana kimi istifadə üçün nəzərdə tutulur.