Fransada ümummilli etiraz nümayişi davam edir

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Fransada pensiya islahatına qarşı ümummilli etiraz nümayişi keçirilir.

Paytaxtda nümayişin əvvəlində polis və nümayişçilər arasında gərginlik yaşanıb.

Parisdə Montparnasse prospektindəki “La Rotonde” restoranı yaxınlığında pensiya islahatı əleyhinə etiraz nümayişçiləri və polis arasında qarşıdurma olub. E.Makron 2017-ci ildə ilk dəfə prezident seçildikdən sonra qələbəsini məhz “La Rotonde” restoranında qeyd etmişdi. Belə bir fikir dolaşır ki, bu restoran elə E.Makrona məxsusdur. Buna görə də nümayişçilər restoranın vitrinini sındırmağa cəhd ediblər. Polis restoranın ətrafını mühasirəyə alaraq qoruyub. Nümayişçiləri dağıtmaq üçün su şırnağından da istifadə edilib.

Polis Parisdə səhər saatlarında 2700 yoxlama apardığını və 14 nəfərin dindirildiyini bildirib. Həmçinin, polis müvəqqəti saxlanılanların da olduğunu söyləyib.

Paris-2024 Olimpiya Oyunları təşkilat komitəsinin binasına nümayişçilərin soxulduğu bildirilir. Nümayişçilər etiraz aksiyalarının dayandırmayacaqlarını bəyan ediblər. Artıq 6 aydır başlayan etiraz nümayişlərinin davam edəcəyi qeyd olunub.

Nümayişdən əvvəl səhər saat 10-dan elektrik idarəsi Enedis Vanves-Issy-Malakoff və Issy-les-Moulineaux sektorlarında elektrik verilməsini dayandırıb. Nəticədə “Canal+”, “Eurosport”, RFI, “Orange”, “Eutelsat”, “Microsoft”, “Orange”, “La Poste”, “Lq Banque postale”, “Cisco”, “Raboni” kimi bir çox böyük qrupların mənzil qərargahında elektrik olmayıb. Bəzi media üzvləri nümayişə qoşulduğundan xəbər yayımında problemlər yaşanır.

Nümayişə bir çox siyasi partiyaların rəhbərləri və üzvləri də qatılıb. Onlar həmkarlar ittifaqlarına siyasi təşkilatlarla əməkdaşlıq edərək, birlikdə pensiya islahatına qarşı mübarizə aparmağa çağırış ediblər. Paris regionunda təhsil işçiləri tətil edir. Orta və ibtidai məktəblərdə müəllimlər dərsə getməyib. Bir çox şəhərlərdə liseylər blokada edilib.

Həmkarlar ittifaqları pensiya islahatına qarşı mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.