Dünya Söz Azadlığı İndeksində Azərbaycan son sıralardadır

Sərhədsiz Reportyorlar növbəti Dünya Mətbuat Azadlığı indeksini açıqlayıb.
 
İndeksin əsas diqqət çəkən məzmunu budur ki, jurnalistlərə qarşı zorakılıqlar artır, onların təhlükəsizlik şəraitində işləyə biləcəyi ölkələrin sayı getdikcə azalır.
 
Sənəddə 180 ölkədən bəhs edilir. Azərbaycan 166-cı pillədədir. Ötən illə müqayisədə 4 pillə geriləyib. Sənədin məzmununda diqqət çəkən əsas məqamlardan olan "peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı zorakılıqların artması” Azərbaycanda son aylarda sıx müşahidə edilən nüanslardandır. Ötən ilin sentyabrından bəri azı 30 dəfə iş başında olan jurnalistlər saxlanılıb, onların bilgi toplamasına imkan verilməyib...
 
İranla bu sənəddə də qonşuyuq - 170-ci yer. Sonuncu, 180ci pillədəki ölkə də qonşumuzdur - Türkmənistan.
 
Ermənistan ötən illə müqayisədə 9 pillə irəliləyib, 61-ci pillədə lövbər salıb. Sənəddə deyilir ki, "məxməri inqilab”dan sonra hökumət mediaya nəzarəti yumşaldıb. Gürcüstan 60-cı pillədədir.
 
Sənədə görə, Türkiyə dünyada jurnalistlərin ən çox həbsdə olduğu ölkədir.
 
Norveç, Finlandiya, İsveç və Niderland ilk dördlükdədir.