Bu gün İmam Məhəmməd Təqinin (ə) mövlududur

Hicri-qəməri tarixi ilə bu gün rəcəb ayının 10-u müsəlmanların doqquzuncu imamı həzrət Məhəmməd Təqi əl-Cavadın (ə) mövlududur.

SalamNews xəbər verir ki, imam Məhəmməd Təqi (ə) hicri-qəməri tarixi ilə 195-ci ildə rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya gəlib.

İmam yoxsullara çoxlu sədəqə verdiyindən və kömək göstərdiyindən onu "Cavad", yəni "səxavətli" deyə çağırıblar.

İmam cəmi 25 il ömür sürüb. Tarixçilərin yazdığına görə, atası İmam Rza (ə) şəhid edildikdən sonra imam Cavad (ə) kiçik olmasına baxmayaraq, onun məzarını elə həmin gün Xorasanda  ziyarət edib.

Hazırda Məşhəd şəhərində imam Rizanın (ə) ziyarətgahına aparan qapılardan biri də bu hadisə ilə əlaqədar "Bab ul-Cavad" (Cavad darvazası) adlanır.

Bildirək ki, imam Cavad (ə) hicri təqviminin 220-ci ilində Abbasi xəlifəsi Mötəsimin əmri ilə zəhərlənərək öldürülüb. İmam Cavad da istisnasız olaraq digər imamlar kimi dövrünün zalım hakimləri tərəfindən zəhərlənərək və ya terrora məruz qalaraq şəhid edilib.

Doqquzuncu imam İraqın paytaxtı Bağdadın Qüreyş qəbiristanlığında babası imam Kazımın (ə) məzarının yanında dəfn olunub.

Bağdadın Kazimeyn bölgəsi imamların məzarlarının yerləşdiyinə görə milyonlarla insanın ziyarətgahına çevrilib.

İmam Cavadın mövludu ilə əlaqədar Azərbaycanda da inanclılar mövlud mərasimləri keçirir, məscidlərdə imamın şəninə xütbələr oxunur.