Blinken zorakılıqların artdığı bir vaxt İsrail və Fələstini təmkinli olmağa çağırıb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Antoni Blinken fələstinlilərlə münasibətlərin təlatümlü bir vaxtında, bazar ertəsi İsrailə səfər edərək, bu yaxınlarda baş verən zorakılıqdan sonra gərginliyi azaltmağa çalışıb.

Misirdə qısa müddət dayandıqdan sonra Tel-Əvivə gedən Blinken Fələstinin İsrail vətəndaşlarını hədəf alan son hücumlarını pisləyib. O, eyni zamanda İsraili təmkinli olmağa çağırıb və mülki əhali arasında bütün itkilərin qəbuledilməz olduğunu deyib.

Bliken keçən cümə günü çoxu Qüds sinaqoqundan çıxarkən, 7 nəfərin ölümünə səbəb olan hücuma toxunaraq, "Terror hücumunda günahsız bir insanı öldürmək ağır cinayətdir. Lakin insanları ibadət yerləri yaxınlığında hədəf almaq xüsusilə sarsıdıcıdır" deyib.

"Biz bunu kəskin şəkildə qınayırıq. Qurbanın kimliyindən və nəyə inanmasından asılı olmayaraq, bu və mülki əhalinin həyatına son qoyan hər hansı digər terror aktlarının hamısını qınayırıq. Daha çox günahsız insana qarşı intiqam çağırışları buna cavab deyil. Mülki insanlara qarşı zorakılıq aktlarına heç vaxt haqq qazandırmaq olmaz" - deyə, Blinken bildirib.

Son zorakılıqlar keçən həftə İsrail hərbçilərinin İordan çayının qərb sahilinin Cenin şəhərində militantların istehkamına basqın etməsi və əksəriyyəti militant olan 10 nəfəri öldürməsi ilə başlayıb. Bunun ardınca Qüdsdə yeddi israilli öldürülüb.

Blinken son hücumları "zorakılığın yeni və dəhşətli artımı" olduğunu deyib.

"Gərginliyi qızışdırmaqdansa, onları sakitləşdirmək üçün addımlar atmaq hər kəsin məsuliyyətidir. Bu, həddən artıq çox insanın - həddən artıq çox israillinin və çox fələstinlinin həyatına son qoyan zorakılıq dalğasını dayandırmağın yeganə yoludur" deyib Blinken.

Blinkenin iki günlük səfərindən az əvvəl Fələstin Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Hebron şəhərində bir fələstinlini öldürdüyünü və bununla yanvar ayında öldürülən fələstinlilərin sayının 35-ə çatdığını bildirib.

Qarşıdurmalar İsrailin yeni sağçı hökumətinin fələstinlilərə qarşı sərt mövqeyi və fələstinlilərin dövlət qurmaq üçün ümid etdikləri torpaqlarda məskunlaşma işlərini sürətləndirməyi vəd etməsindən sonra başlayıb.

Blinkenin İordan çayının qərb sahilində Ramallahda Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas və digər Fələstin rəsmiləri ilə də görüşü planlaşdırılıb.