Azərbaycan və İran regional təhlükəsizlik məsələlərini müzakirə edib

Dekabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və regional məsələlər, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

“Son aylarda yüksək səviyyədə keçirilmiş görüşlərin və qurumlararası təmasların münasibətlərin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib. Tərəflər bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafı və genişləndirilməsi istiqamətində planları müzakirə ediblər. Bu xüsusda, “Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində işlərin sürətləndirilməsinin əhəmiyyəti qeyd olunub”, məlumatda qeyd edilib.
Görüşdə həmçinin iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı, son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon danışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb.

 

Amerikanın Səsi