Azərbaycan Parlamenti 100 yaşını qeyd edir

1918-ci il noyabrın 19-da ali hakimiyyət orqanı kimi 120 nəfərdən ibarət Azərbaycan Cümhuriyyəti Parlamentini yaratmaq haqqında qanun qəbul edir. 
 
1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin keçmiş qız məktəbinin binasında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk iclası təntənəli şəkildə açılır.
 
Parlamentin iclasında "Müsavat" fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçilirlər. Əlimərdan bəy Topçubaşov bu vaxt İstanbulda olduğu üçün Parlamentə Həsən bəy Ağayev sədrlik edir. 1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti, Parlamentin ağsaqqallar şurasının iştirakı ilə keçirdiyi iclasında Avropada ümumi sülh konfransında iştirak etmək üçün Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Parisə göndəriləcək xüsusi nümayəndə heyətini müəyyən edir. 
 
Qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafıq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar. 
 
1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qurumların qüvvələr nisbəti aşağıdakı kimi idi: "Müsavat" və bitərəflər fraksiyası - 38 nəfər, "İttihad" - 13 nəfər, "Əhrar" - 6 nəfər, "Sosialistlər" bloku - 13 nəfər, partiyasızlar - 4 nəfər, müstəqillər - 3 nəfər, "Rus-slavyan cəmiyyəti" fraksiyası - 5 nəfər, erməni fraksiyası - 5 nəfər, "Daşnaksutyun" fraksiyası - 6 nəfər, "Azlıqda qalan millətlər" fraksiyası - 4 nəfər. 
 
17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Öz fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 1920-ci il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul edilmişdir.