Atambayev həbsdə qaldı

Sentyabrın 4-də Qırğızıstan paytaxtı Bişkekdə şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayevi həbsdə saxlayıb. 
 
"Novator.az" bu barədə xəbər verib.
 
Almazbek Atambayev prezident postunu 2011-2017-ci illərdə tutub. Bu il ona korrupsiya cinayətlərində iştirak ittihamı irəli sürülüb. Avqustun 7-də hüquq mühafizə orqanlarının əməkdaşları Koy-Taş kəndində sabiq prezidenti tutmaq istəyərkən silahlı müqavimətlə üzləşiblər. Milli Təhlükəsizlik Komitəsinin bir zabiti həlak olub, 40-dan çox şəxs yaralanıb.
 
Avqustun 8-də Almazbek Atambayev tutulub. Ona 7 avqust hadisələri ilə bağlı əlavə cinayət işləri açılıb.
 
Sabiq prezident haqqında əvvəl avqustun 26-dək həbs qətimkan tədbiri seçilib, sonra müddət oktyabrın 26-dək uzadılıb.
 
Sentyabrın 4-də Bişkek Şəhər Məhkəməsi sabiq prezidentin aşağı məhkəmənin qərarından şikayətini təmin etməyib.
 
Almazbek Atambayevin ittihamları qəbul etmədiyi, istintaqa ifadə vermədiyi bildirilir.