ABŞ-də fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim konfransı – COP 29-da iştirak edən xarici dövlətlərin nümayəndə heyətlərini Azərbaycanda mətbuat azadlığına qarşı misli görünməmiş təzyiqlərin dayandırılması üçün təzyiq göstərməyə çağırıb.
“BMT-nin tədbirinə ev sahibliyi edən ölkədə ən azı 15 jurnalistin 8 ildən 20 ilə qədər həbs cəzası ilə nəticələnə biləcək ittihamlarla məhkəmə qarşısında dayanması insan hüquqları dəyərləri ilə tamamilə uyğunsuzdur”, – deyə JMK-nın Avropa və Mərkəzi Asiya proqramı üzrə koordinatoru Gulnoza Said bildirib.
Təşkilat Azərbaycan hakimiyyətini haqsız yerə həbs olunmuş bütün jurnalistləri azad etməyə və mətbuat azadlığını dəstəkləməyə, BMT-ni isə insan hüquqları və mətbuat azadlığı sahəsində pis göstəricilərə malik ölkələrdə böyük tədbirlərin keçirilməməsini təmin etməyə çağırıb.
Noyabrın 6-da JMK da daxil olmaqla 16 beynəlxalq insan hüquqları təşkilatı Avropa İttifaqını Azərbaycanda insan hüquqları ilə bağlı pisləşən vəziyyəti birbaşa hökumətlə müzakirə etməyə çağırıb.
Son bir il ərzində Azərbaycan hakimiyyəti ən azı 15 jurnalisti fəaliyyətlərinə görə cəzalandırmaq məqsədilə böyük cinayət ittihamları ilə məhkəməyə cəlb edib, onlardan 13-ü istintaq müddətində həbsdə saxlanılır. Həbsdə olanların əksəriyyəti Azərbaycanın qalan azsaylı müstəqil media orqanlarında çalışıb və Qərbdən donor vəsaiti qəbul etmək iddiası ilə valyuta qaçaqmalçılığı ittihamları ilə üzləşiblər.
Təşkilatın rəsmi saytından yayılan mətndə qeyd olunub ki, Azərbaycanın Qərblə münasibətləri 2023-cü ildə Qarabağ üzərində nəzarəti qaytarandan sonra və orada yaşayan 100 min etnik erməninin bölgədən çıxması ilə daha da pisləşib. Bu ilin fevralında Prezident İlham Əliyev ardıcıl olaraq beşinci dəfə prezident seçilib və sentyabrda keçirilən seşkilərdə hakim partiya parlamentdə əksəriyyət qazanıb və müşahidəçilər bu seçkilərin məhdudlaşdırıcı mühitdə keçdiyini bildiriblər.
AbzasMedia
ABŞ-də fəaliyyət göstərən Jurnalistləri Müdafiə Komitəsi (JMK) KOP 29-iştirakçılarından Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çağırıb