Nəsuh tövbəsi

Allah Quranın "Təhrim" surəsinin 8-ci ayəsində buyurur:

"Ey iman gətirənlər! Allaha tərəf qayıdın və nəsuh (xalis) tövbəsi edin" 

Tövbə qayıdış, qayıtmaq mənasındadır. Quranda tez-tez "tövbə edin!" sözünə rast gəlirik. Yəni Allaha tərəf qayıdın. Əlbəttə, burada söhbət maddi, fiziki qayıdışdan getmir. Söhbət fitrətən allahpərəst olan bəndənin günahları tərk edib Allahın əmrinə qayıtması nəzərdə tutulur. Çünki insanlar günah etdikcə Allahdan uzaq düşürlər.

Tövbənin həqiqəti haqqında buyurublar ki, insan günahdan peşman olub tövbə etməlidir. Yəni peşman olur və gələcəkdə bir daha (bilərəkdən) günah etmir. Etdiyi günahları təlafi edə bilirsə, gərək cəhd etsin. Misal üçün kiminsə malını oğurlayıbsa, gərək sahibinə qaytarsın. 

Tövbənin rüknlarını 5 şeydə xülasə etmək olar:

1. Günahı tərk etmək;
2. Peşmançılıq;
3. Gəlcəkdə (yəni tövbə edəndən sonra) günahı tərk etməyi qərara almaq;
4. Keçmiş günahları təlafi etmək;
5. İstiğfar etmək. (Allahdan bağışlanma diləmək)

Buradan məlum olur ki, istiğfar tövbənin bir rüknu sayılır.

"Nəsuh tövbəsi" haqqında bir çox təfsirlər qeyd edilib. 

Bəziləri buyurub ki, nəsuh tövbəsinin dörd şərti olmalıdır:

1. Günah etdiyi üçün səmimi qəlbdən peşman olmaq;
2. Dildə istiğfar edib Allahdan bağışlanma diləmək;
3. Günahı tərk etmək;
4. Tövbədən sonra da günahları tərk etməyi (günah etməmək) qərara almaq.

Bəziləri buyurub ki, nəsuh tövbəsinin üç şərti var:

1. Tövbənin qəbul olunmaması qorxusu;
2. Tövbənin qəbul edilməsinə ümid bəsləmək;
3. Allaha itaət etməyə davam;

Və yaxud da deyiblər ki, nəsuh tövbəsi odur ki, öz günahını həmişə göz önünə gətirəsən və ondan utanasan. 

Həmçinin deyiblər ki, nəsuh tövbəsi budur ki, haqqını qəsb etdiyin insanların haqqını özlərinə qaytarasan, onlardan halallıq istəyəsən və Allaha itaət etməkdə israrlı olasan.

Həmçinin deyiblər ki, nəsuh tövbəsi odur ki, üç şərti olsun:

1. Az danışmaq;
2. Az yemək;
3. Az yatmaq;

Həmçinin deyiblər ki, nəsuh tövbəsi odur ki, göz yaşı və qəlbin günahdan bizarlığı ilə birlikdə olsun. 

Bir hədisdə İslam Peyğəmbərindən (s) nəsuh tövbəsi haqda soruşulur, Peyğəmbər (s) buyurur: 

أَنْ یَتُوبَ التّائِبُ ثُمَّ لایَرْجِعُ فِى ذَنْب کَما لایَعُودُ اللَّبَنُ إِلَى الضَّرْعِ

"(Nəsuh tövbəsi odur ki,) insan tövbə edir sonra (heç vaxt) günaha qayıtmır. Necə ki, süd (sinədən çıxanda bir daha) sinəyə qayıtmır." (Məcməul-Bəyan", c. 10, səh: 318) 

Bu incə təbir bu həqiqəti çatdırır ki, nəsuh tövbəsi elə bir dəyişiklik insanda icad edir ki, keçmişə (keçmiş günahlara) qayıtmaq yolunu onun üzünə bağlayır. 

Daha sonra nəsuh tövbəsinin nəticəsinə işarə edib buyurur:

عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ  نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا  إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təfsir nümunə, c.24 səh: 302. Ayətullah Nasir Məkarim Şirazi)

 

 

https://t.me/M_B_H_Elm_ve_Tedris_shobesi