İran "Zəngəzur dəhlizi" ilə bağlı xəbərdarlıq edib

İran İslam İnqilabı Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti özünün X sosial media hesabında “Zəngəzur dəhlizi” məsələsini gündəmə gətirənlərə xəbərdarlıq edib.

Vilayəti yazısında qeyd edib ki, “Bəzi dəbdəbəli dövlətlər özlərinin və ya regionun maraqlarını nəzərə almayaraq, Zəngəzur dəhlizi məsələsini gündəmə gətirməklə Cənubi Qafqazdakı qeyri-qanuni məqsədlərinə çatmaq üçün əllərindən gələni edirlər.

Bölgədəki və ondan kənar dövlətlərə xatırlatmaq istərdim ki, əvvəllər uğursuzluğa düçar olmuş bu təşəbbüsün hər hansı bir təkrarı İran tərəfindən sərt cavabla qarşılanacaq”.

Vilayəti daha əvvəl bildirmişdi ki, Zəngəzur dəhlizi “İranın milli təhlükəsizliyini pozmağa yönəlmiş geosiyasi sxemdir”.

ABŞ səfiri Tomas Barak iddia edib ki, Ermənistanın cənubundan keçərək Azərbaycanla Naxçıvan arasında quru əlaqəni təmin etməyi planlaşdıran dəhliz 100 il müddətinə Amerika şirkətinə icarəyə verilə və hər iki tərəfin birgə istifadəsinə açıla bilər.

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın təklifini rədd edərək, regionda nəqliyyat əlaqələrinin açılmasını yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və hüquqi səlahiyyətləri çərçivəsində nəzərdən keçirdiyini bildirib.

Cənubi Qafqaz Tramp administrasiyası üçün xüsusi maraq kəsb edən bölgələrdən biridir. Həm Rusiyanın regiondan çıxmasının, həm də Çinin “Bir kəmər və yol” layihəsinin qarşısını almağı hədəfləyən ABŞ-ın Zəngəzur dəhlizində siyasi və kommersiya maraqları da var.