İsrail ordusu Qəzza zolağına qayıtmaq istəməyən üç əsgəri həbs edib

Bu əsgərlər döyüş zamanı fələstinli uşaqları öldürdüklərini və buna görə döyüşə qayıtmaq istəmədiklərini bildiriblər.
İsrailin “Kan” xəbər portalının məlumatına görə, Nahal Briqadasının 931-ci batalyonundan olan dörd əsgər döyüşdən çıxarılıb və cəzalandırılıb. Buna səbəb isə onların Qəzzaya qayıtmaq istəmədikləri olub. Həmin əsgərlər müharibə zamanı Qəzza zolağında 13 ilə 17 ay arasında xidmət ediblər.
“Kan”ın yazdığına görə, əsgərlər döyüş zamanı “dərin daxili böhran” keçirdiklərini deyiblər. Həbs olunan əsgərlərdən biri bildirib ki, döyüş zamanı bir neçə uşaq və bir ana öldürdükdən sonra geri qayıtmağa özündə güc tapa bilməyib:
“Biz ‘məhv zonasında’ idik. Ora üç nəfər daxil oldu və bizə deyilən kimi atəş açdıq. Sonradan məlum oldu ki, bunlar 12-13 yaşlarında uşaqlar və onların anası imiş. Biz bilmirdik. Əmrə tabe olduq.”
O əlavə edib ki, bu hadisədən sonra üç əsgər posttravmatik stress sindromuna (PTSS) görə xidmətdən çıxıb:
“Onlar gecələr kabus görürdülər, yuxusuzluqdan əziyyət çəkirdilər, daim o uşaqları xatırlayırdılar. Heç kim bizimlə danışmadı, psixoloq gətirilmədi. Hər şey adi qaydada davam etdi.”
Dörd əsgərdən üçü bir həftədən 12 günə qədər dəyişən həbs cəzası alıb. Dördüncü əsgər isə hələ mühakimə olunmayıb.