KİV: İsrailin Baş Qərargah rəisi hərbi əməliyyatların genişləndirilməsinin əleyhinədir

“İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir Qəzzada yerüstü hərbi əməliyyatların və mövqelərin genişləndirilməsinin əleyhinədir”.

Bu barədə “Al-Hadath” nəşri yazıb.

Məqalədə qeyd olunub ki, E.Zamir Nazirlər Kabinetinin bugünkü iclasında əməliyyatın davam etdirilməsinin səbəb olacağı maliyyə itkiləri ilə bağlı hesabat təqdim edəcək.

Ordudakı mənbələr həmçinin, hərbi qarşıdurmanın aylarla davam edəcəyi və İsrail tərəfinin mövqe möhkəmləndirilməsi üçün regiona əlavə 6 hərbi birləşmə cəlb etməli olacağı barədə açıqlama verib.

Xatırladaq ki, bir qədər əvvəl İsrail hökumətindəki mənbələr hərbi əməliyyatların davam etdiriləcəyini bəyan edib:

“Məsələ artıq həll olunub. Əməliyyat həm Qəzza bölgəsini, həm də girovların saxlanıldığı yerləri əhatə edəcək. Baş Qərargah rəisinin bu qərarın icrasından imtina etməsi onun istefası ilə nəticələnə bilər”.

Müəllif onu da yazır ki, başqa mənbələr baş nazir Benyamin Netanyahunun hərbi hərəkatın davamı barədə yekun qərar vermədiyini iddia edir.