41-ci ad gününü həbsxanada keçirən Tale Bağırzadə karserə salınıb

İlahiyyatçı Tale Bağırzadə iyunun 19-da daxili qaydalara riayət etməmək ittihamı ilə 3 günlük karser cəzasından sonra iyunun 22-də növbəti dəfə 5 günlük cəza alaraq karserə salınıb. Bu barədə məlumatı ilahiyyatçı özü bildirib. O, bildirib ki, iyunun 13-də gecə yarı cəza çəkdiyi 12-saylı müəssisədə dam örtüyündə çöküntüdən sonra həbsxana binaları yaşanmaz hala gəlib. Bununla bağlı etirazlar isə bəzi məhbusların köçürülməsi ilə müşayət olunsa da, Tale Bağırzadə kimi bəzi məhbuslar uçmaqda olan bu binada məcburi saxlanılırlar.

“Mənə bildirdilər ki, sən iki yoldan birini seçməlisən. Ya bu dağıntılar altında qalmalı, ya da ciddi-qapalı rejimə köçürülərək buranı tərk edə bilərsən. Mən hər iki qərara etiraz edərək səhər və axşam məhbusların sayımına çıxmadığım üçün iyunun 19-da 3 gün, 22-də isə 5 günlük karser cəzası almışam.”
İlahiyyatçı bildirib ki, bundan sonra onu kamera tipli otağa (PKT) keçirilməsi barədə qərar qəbul olunacaq ki, bu müddətdə də o, məhkəmə önünə çıxarılacaq. Yəqin ki, Umbakıya, ciddi-qapalı rejimli müəssisəyə köçürülməsi də bundan sonra həyata keçiriləcək.

O, məsələ ilə bağlı rəhbərliyə etirazını bildirsə də ona aydın söylənilib ki, ciddi-qapalı (krıta) rejimi və ya burada qalıb ölümünü seçmək öz əlindədir, başqa formalı seçim şansı yoxdur. Rəsmi dairələr Tale Bağırzadənin digər həbsxanalara köçürülməsinə qəti qadağa qoyublar.

Xatırladaq ki, Tale Bağırzadə 2011-ci ildə ilk dəfə “Hicaba azadlıq-2” aksiyasında saxlanılmışdı. İkinci həbsi 2013-cü ilin martında, üçüncü həbsi isə 2015-ci ilin 26 noyabırında gerçəkləşmişdi. Sonuncu həbsində ilahiyyatçı 20 il azadlıqdan məhrum edilərək həbsinin ilk 7 ilini ciddi-qapalı rejimli həbsxana divarları arasında keçirmişdi.

2022-ci ilin noyabrında 12-saylı müəssisəyə köçürülən ilahiyyatçı görünür məcburi olaraq növbəti dəfə yenidən ciddi-qapalı rejimə məhkum ediləcək.
Məlumat üçün bildirək ki, həyatının 14 ilini həbsxana divarları arasında keçirən Tale Bağırzadənin iyunun 23-də 41 yaşı tamam olur.