Tərtər dəhşətləri

‘Saleh Qafarovun ağzını Cümşüdov cırdı...’
6 il öncə dövlətə xəyanət ittihamıyla həbs edilib 20 il azadlıqdan məhrum edilən, 5 il 7 aydan sonra bəraət hökmüylə buraxılan leytenant Atabəy Rəhimov indi zərərçəkmiş kimi məhkəmədə ifadə verir.
O, 2017-ci ilin may-iyun aylarında Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə ittiham olunan dörd nəfərin məhkəməsində dindirilib.
Məhkəmə qarşısına çıxarılanlar həmin dövrdə Tərtərdə hərbi hissənin komandiri olmuş, polkovnik Vüsal Ələsgərov, qərargah rəisi Rəşid Niftəliyev, kəşfiyyatçı-hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovdur.
Rəhimov deyir ki, onu tabeliyində olan əsgərləri ermənilərin yanına aparmaqda, onların zorlanmasına göz yummaqda ittiham edirlər. Halbuki, belə bir hadisə olmamışdı. Onun sözlərinə görə, özüylə yanaşı, əsgərlərə də işgəncə verib, əleyhinə ifadə almışdılar:
“Üzümə 5 əsgər qoydular. Deyirdilər ki, komandir, işgəncələrə dözə bilmirdik, yaşamaq üçün o ifadələri verməyə məcbur olduq...”
Zopa ilə döyülməkdən tutmuş, suda boğulma, dırnaqlarının çəkilməsinə qədər müxtəlif formada işgəncələrə məruz qaldığını deyən Rəhimov həm də Hərbi Prokurorluqdan şikayətçidir. Onun sözlərinə görə, işgəncələrdə Hərbi Prokurorluğun müstəntiqləri də birbaşa iştirak edirdi.
“Müstəntiq Ülvi Əhmədov üstümə çıxıb təpikləyirdi məni. O biri müstəntiqlər Vətən Əliyev, Elməddin Musayev, Xanlar Babayev... Onların hamısının gözünün qarşısında olub baş verənlər. Hərbi Prokurorun müavini Şəfahət İmranov stolun üstündə tum çırtlaya-çırtlaya işgəncələrlə bağlı göstərişlər verirdi”, – Rəhimovun məhkəmədə dedikləridir.
O, həmin dövrdə korpus komandiri olan general Hikmət Həsənovun da işgəncələrdə şəxsən iştirak etdiyini vurğulayıb.
'Adamları gözümüz önündə öldürürdülər'
“İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər”
2017-ci ilin mayında manqa komandiri olmuş Ramin İsayev də bu məhkəmədə zərərçəkən kimi tanınan 192 nəfərdən biridir. O deyir ki, işgəncə nəticəsində komaya düşmüşdü, qabırğası, çiyin nahiyəsi sınmışdı.
İsayev həmin hadisələr nəticəsində həyatını itirən polkovnik Saleh Qafarov, hərbi qulluqçular Mehman Hüseynov, Elxan Ağazadənin ölümündən də danışıb:
“Saleh Qafarovun ağzını Cümşüdov (İsayev Cümşüdovun adını, vəzifəsini deməyib – red.) cırdı. Onu, Mehman Hüseynovu, Elxan Ağazadəni döyüb ölümcül elədilər, sonra da tulladılar ikinci mərtəbədən aşağı. İşgəncəni əsasən ikinci mərtəbədə verirdilər...”
 
Azadlıq Radiosu