Suriyanın şərqindəki ABŞ hərbi bazasına raket hücumu

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağındakı ABŞ-ın bazası cümə axşamı gecə raket hücumlarına məruz qalıb.

Sabirin News Telegram kanalının xəbərinə görə, bu hücum zamanı Amerika əsgərlərinin Deyr əz-Zorun "Əl-Hizra" kəndindəki qərargahı hədəfə alınıb. Suryana radiosu həmçinin Deyr əz-Zorun şərqindəki Amerika bazasından bir neçə partlayış səsinin eşidildiyini və bunun ardınca Amerika vertolyotlarının bu bölgənin üzərində güclü şəkildə uçduğunu bildirib. Sözügedən radio partlayışlara nəyin səbəb olduğu barədə əlavə təfərrüat yaymayıb.

Xatırladaq ki, ABŞ ordusu və ona bağlı Suriya Demokratik Qüvvələri (SDQ) uzun müddətdir Suriyanın şimalında və şimal-şərqində qeyri-qanuni mövcud olub, sakinlərə qarşı qətllər törətməklə yanaşı, ölkənin neft ehtiyatlarını və sərvətlərini də talayıb.