"Sərhədsiz Reportyorlar" Sevinc Vaqifqızını və onun həmkarlarını dərhal azad etməyə çağırıb

Yanvarın 21-də Bakıda Azərbaycanın Abzas Media xəbər saytının baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) və onun beş həmkarının işi üzrə növbəti məhkəmə iclasları başlayıb. 

"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığını müdafiə təşkilatı bu məsələ ilə bağlı bəyanatla çıxış edib. Sənəddə qeyd edilir ki, müttəhimlərin heç biri özünü "xarici valyuta qaçaqmalçılığı" da daxil olmaqla, heç bir əsası olmayan səkkiz ittiham üzrə təqsirli bilmir. Onların vəkillərinin sözlərinə görə, ittiham tərəfi heç bir tutarlı dəlil təqdim etməyib. Jurnalistləri 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

17 dekabr 2024-cü il tarixində hazırlıq iclasında "guya boş yer olmadığına" görə reportyorların məhkəmə zalına girişinə icazə verilməyib, lakin zal işlə əlaqəsi olmayan insanlarla doldurulub.

Müdafiə tərəfinin qanuni vəsatətləri, xüsusilə işin əlavə araşdırma üçün istintaqa qaytarılması, ibtidai həbsin ev dustaqlığı ilə əvəz edilməsi və s. haqqında vəsatətləri təmin edilməyib, bu da təhqiqatın qeyri-obyektiv aparıldığını təsdiq edir.

Maraqlıdır ki, işə baxan üç hakimdən ikisi əvvəllər özləri Abzas Media-nın araşdırma obyekti olub, bu da onların icra hakimiyyətindən asılılığını göstərir. Onlardan biri - Rasim Sadıxov hüquq müdafiəçisinin mühakimə edilməsində və siyasi motivli qərarın qəbul edilməsində iştirak edib, Avropa İnsan Hüquqları Məhkəməsinin 2018-ci ildə çıxardığı qərar bunu göstərir.

"Ən yüksək dövlət səviyyəsində korrupsiya araşdırmaları ilə məşhur olan Sevinc Vaqifqızının və həmkarlarının təqibi rejimin avtoritar kursunu təsdiq edir. Bu məhkəmə təqibləri hakimiyyətdən sui-istifadələri ifşa edərək rejim üçün maneələr yaradan Abzas Media kimi müstəqil KİV-lərin nüfuzdan salınmasına və neytrallaşdırılmasına yönəlmiş daha geniş strategiyanın tərkib hissəsidir.

"Sərhədsiz Reportyorlar" onların dərhal azad edilməsini tələb edir və Avropa İttifaqı da daxil olmaqla, Azərbaycanın beynəlxalq tərəfdaşlarını mətbuat azadlığı sahəsində tərəqqini təmin etmək şərti irəli sürməyə çağırır", deyə bəyanatda bildirilir.

Sevinc Vaqifqızı 21 noyabr 2023-cü il tarixində İstanbuldan qayıtdıqdan sonra Bakı hava limanında polis tərəfindən saxlanılıb. Abzas Media-nın baş redaktoru həbs edilə biləcəyini bildiyi halda Azərbaycana qayıdıb. Onun ibtidai həbs müddəti, eləcə də həmkarlarının həbsdə saxlanma müddəti uzadılmaqda davam edir.

O, bir ildən çoxdur dəhşətli şəraitdə: həddindən artıq dolu, havalandırılmayan kamera, psixoloji və fiziki təzyiq, bir məhbus kimi hüquqlarının pozulması şəraitində saxlanılır.

Anasının açıq etirazından sonra onun ailəsi ilə telefon danışıqlarına və görüşlərinə qoyulmuş qadağa ləğv edilib. Ailəsinin bank hesabları altı ay ərzində dondurulub.

O, karyerası boyunca dəfələrlə saxlanılıb, 2015-ci ildə isə beş il ərzində ölkədən çıxışına qadağa qoyulub, lakin 2020-ci ilin mayında AİHM bu qərarı qanunsuz hesab edib.

"Abzas Media" jurnalistlərinin həbsi yeni repressiyalar dalğasının başlanğıcını qoyub. Müstəqil KİV-lərin ən az 20 əməkdaşı hazırda barmaqlıqlar arxasındadır.

17 yanvar 2025-ci ildə Toplum TV-nin jurnalisti Fərid İsmayılovun həbs edilməsi və dünən onun "Amerikanın Səsi"ndən olan həmkarı Ülviyyə Quliyevanın dindirilməsi müstəqil KİV-lər üçün narahatlıq doğuran gələcəkdən xəbər verir, deyə sənəddə qeyd edilir.

 

Turan.az