Sərhədsiz Reportyorlar Ələsgər Məmmədlinin azadlığa buraxılmasına çağırıb

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı Azərbaycan hakimiyyətini Toplum internet televiziyasının təsisçisi, hüquqşünas Ələsgər Məmmədlini təcili şəkildə azadlığa buraxmağa çağırıb.

“RSF xərçəng şişindən əziyyət çəkən Toplum TV-nin direktoru Ələsgər Məmmədlinin vəziyyəti pisləşsə də, Azərbaycan hakimiyyətinin onun müalicəsindən imtina etməsini pisləyir. O, həmkarları ilə birlikdə təcili azadlığa buraxılmalıdır”, Sərhədsiz Reportyorlar aprelin 10-da qeyd edib.

Martın 8-də səhhətindəki problemlərlə əlaqədər həkimə gedərkən saxlanılan Ələsgər Məmmədli barəsində martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Xətai Rayon Məhkəməsi martın 28-də Ələsgər Məmmədlinin həbs qətimkan tədbirinin səhhəti ilə əlaqədar ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Bakı Apellyasiya Məhkəməsi də aprelin 3-də Ələsgər Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayətini təmin etməyib.

Yaxınlarının məlumatına görə, son günlərdə Məmmədlinin səhhəti daha da ağırlaşıb və o, kəskin baş ağrılarından əziyyət çəkir.

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmağa imkan vermir”, Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli aprelin 9-da Amerikanın Səsinə bildirib.

Qardaşı hesab edir ki, Məmmədliyə qarşı olan anti-humanist münasibət qəbuledilməzdir.

“Onun səhhətindəki problemin ortadan qaldırılmasına təcili müdaxilə olunmasa həyatı bahasına başa gələ bilər. Bir insanın əməlində hüquq pozuntusunu araşdırmaq onun həyatına qəsd etmək bahasına olmamalıdır”, Nəsimi Məmmədli əlavə edib.

Bundan əlavə, Ələsgər Məmmədlinin vəkili onun Ədliyyə Nazirliyinin Tibb Müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, heç bir cavab gəlməyib.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.

 

AmerikanınSəsi