Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri

Cəmi bir həftə sonra Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyası öz işinə başlayacaq. Maraqlı məqamlardan biri budur ki, Azərbaycanın özündə ətraf mühitlə bağlı problemlər nə qədər ciddidir, dünya ölkələrilə müqayisə apardıqda hansı məsələlər daha kəskin görünür?

Bu suallara cavab verməyin ən kəsə yollarından biri qlobal miqyasda hazırlanan “Ətraf Mühit Performans İndeksi”nə dair hesabatı gözdən keçirməkdir. 180 ölkəni əhatə edən hesabatı 2002-ci ildən başlayaraq Dünya İqtisadi Forumu Yele Ətraf Mühit Hüququ və Siyasəti üzrə Mərkəzlə birgə hazırlayıb.

“Ətraf Mühit Performans İndeksi” 11 istiqamət üzrə 58 performans göstəricisi əsasında iqlim dəyişikliyinin, ətraf mühitin sağlamlığının və ekosistemin həyat qabiliyyətliliyinin vəziyyətini qiymətləndirir. Tərtib olunan reytinq ölkələrin bir-birinə münasibətdə ekoloji vəziyyətini müqayisəli şəkildə dəyərləndirməyə, tendensiyaları izləməyə imkan varir.

Ölkələrin performansı 100 balla qiymətləndirilir.

 

Azərbaycanın qlobal reytinqdə yeri

2024-cü il üzrə “Ətraf Mühit Performans İndeksi”ndə Azərbaycan 180 ölkə arasında 40 balla  121-ci yerdə qərarlaşıb. Son 10 ildə Azərbaycanın performansı cəmi 0,7 bal yaxşılaşıb. 

 

Xəzəryanı ölkələr içərisində ən aşağı göstərici Azərbaycanda

Dənizdə biomüxtəliflik sahələrinin qorunmasına görə, Azərbaycan qiymətləndirməyə cəlb olunan ölkələr arasında 0,8 balla 109-cü sıradadır. Digər Xəzər ölkələrindən Qazaxıstan 12-ci (87,6 balla), Türkmənistan 30-cu (72,8 balla), İran 39-cu (66,4 balla), Rusiya isə 88-ci (11,4 balla) yerdə dayanır.

Öz növbəsində, region ölkələrindən Gürcüstan 56-cı (46,4 balla), Türkiyə isə 107-ci  (2,1 balla) sırada qərarlaşıb.

 

Qorunan ərazilərə görə də pis performans

Azərbaycan Qorunan Ərazilərin Təmsilçilik İndeksində 143-cü nəticəni (7,2 bal) göstərib. Bu indeks quruda qorunan ərazilərin ölkənin ekoloji müxtəlifliyini nə dərəcədə yaxşı təmsil etdiyini ölçür. 

Həmin indikatora görə bəzi qonşu ölkələrin  reytinqdə mövqeyi Azərbaycanla müqayisədə nisbətən yaxşı olsa da, başqaları ilə müqayisədə xeyli aşağıdır. Məsələn, Gürcüstan 104-cü yerdə (28,5 balla),  Ermənistan 134-cü yerdədir (14,4 balla).

Bu istiqamət üzrə oxşar bir indeks  - Əhali üçün qorunan ərazi indeksinə görə Azərbaycan 156-cı sırada dayanıb (31 balla). Bu indeks əkin və tikili altında olan torpaqların ümumi quru əraziyə nisbəti kimi hesablanır. Qonşulardan ən yaxşı mövqe Gürcüstandadır (98 balla 33-cü sıra).

 

Hava çirklənməsinə görə son 10 ildə pisləşmə müşahidə edilib

Azərbaycan hava çirklənməsinə görə 108-ci (67 balla) sıradadır. Son 10 ildə ölkənin göstərdiyi performans 11,1 bal azalıb.

Bu indikatora görə qonşu ölkələrdən yalnız Gürcüstan Azərbaycandan daha yaxşı vəziyyətdədir. O, 74 balla 85-ci yerdədi. Hava çirklənməsinin vəziyyətinə görə Türkiyə (141-ci yer və 50 bal, Ermənistan 132-ci yer və 54 bal) Azəbaycanla müqayisədə daha pis vəziyyətdədir.

Hesabatda havanın çirklənməsi fərqli göstəricilər əsasında ölçülür. Məsələn, Ozon çirklənməsinin biomüxtəlifliyə təsiri, azot oksidlərinin və kükürd dioksidləri ilə bağlı emissiyanın artım sürəti belə göstəricilərə aiddir.

Havanın keyfiyyətinə görə isə Azərbaycan 97-ci yerdə (38 balla balla) qərarlaşıb.  Havanın keyfiyyəti fərqli göstəricilər əsasında ölçülür. Bura havanın toz dənəciklkərinin, əhalinin hər 100 min nəfərinə düşən azot dioksidin və karbon oksidin səviyyəsi və s. kimi göstəricilər daxildir.

 

Təhlükəsiz içməli suya əlçatanlıq sahəsndə ciddi problem var

Sanitariya və içməli su indikatoruna görə Azərbaycan 106-cı yerdədir (48 balla). Bu indikator “təhlükəsiz içməli su” və “təhlükəsiz sanitariya” kimi iki fərqli göstərici əsasında hesablanır.

 

İqlim dəyişikliyilə mübarizədə Azərbaycanın addımları necə qiymətləndirilir

Hesabatda istifadə edilən daha bir indikator iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində hökumətin fəaliyyətinin dəyərləndirilməsilə bağlıdır. Bu indikatora görə Azərbaycan reytinqdə 34,7 balla 135-ci yerdədir. İndikator 11 fərqli göstərici əsasında hesablanır. Həmin göstəricilərə istixana qazlarının emissiyasının, torpaq örtüyünün dəyişməsi ilə əlaqədar xalis karbon axınlarının, 2050-ci ilə hədəflənən emissiyanın səviyyəsi və s. kimi göstəricilər daxildir. 

Hesabatda tullantıların idarə olunması isə muxtar indikator kimi istifadə edilir. Onun hesablanması adambaşına düşən tullantıların həcmi, bərk tullantılaırn nəzarət altında olan həcmi, tullantıların təkrar emal səvviyyəsi kimi 3 müxtəlif göstərici əsasında həyata keçirilir.Bu indikatora görə Azərbaycan 21,6 balla155-ci yerdə qərarlaşıb.

Toplum TV