Papa Fransisk Trampın immiqrantları deportasiya etmək planını pisləyib

Papa Fransisk ABŞ yepiskoplarına yazdığı məktubda bu planın həssas insanlara zərər verəcəyi barədə xəbərdarlıq edib.

Katolikliyin ruhani lideri Papa Fransisk çərşənbə axşamı ABŞ-dakı yepiskoplara yazdığı məktubda prezident Donald Trampın mühacirləri deportasiya etmək planını tənqid edərək, belə bir siyasətin “pis nəticələrə səbəb ola biləcəyi” barədə xəbərdarlıq edib.

Xalqların özlərini “qorumaq” hüququna malik olduğunu vurğulayan Papa qeyd edib ki, miqrantların zorla qovulması “bir çox kişi, qadın və ailənin ləyaqətinə xələl gətirir, onları daha həssas edir”.

Bu, uzun müddət ölkələri miqrantları və həssas insanları müdafiə etməyə çağırdıqdan sonra Papa Fransisk və ABŞ prezidenti Donald Trampın toqquşması ilk dəfə deyil.

Trampın birinci dövründə Roma Papası bildirib ki, immiqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd divarı inşa edənlər “xristian deyillər”.

Papanın son çağırışı Trampın “kütləvi deportasiya” siyasətinin bir hissəsi kimi anti-immiqrant ritorikasını genişləndirdiyi vaxta təsadüf edir.

Keçən həftə mətbuata açıqlama verən Ağ Evin mətbuat katibi Karolin Leavitt 20 Yanvardan bəri ABŞ-da qeyri-qanuni qaldıqları üçün 8000-dən çox adamın saxlanıldığını açıqlayıb.

Təyyarələr Kolumbiya, Qvatemala və Venesuela kimi ölkələrə uçarkən, bəzi miqrantlar da Kubanın Quantanamo həbsxanasında saxlanılır.

İncildəki rəvayətlərə istinad edən Papa insanların başqa bölgəyə sığınmaq hüququna malik olduğunu bildirib.

"Mən ABŞ-da kütləvi deportasiya proqramının başlaması ilə baş verən böyük böhranı yaxından izlədim" deyə məktubda bildirib.

Papa məktubda əlavə edib ki, Trampın siyasəti “yaxşı nəticə verməyəcək”. “Bütün insanların bərabər ləyaqət sahibi olduğu həqiqəti üzərində deyil, güc üzərində qurulan şeylər pis başlayır və pis sona çatır”.