Pakistanda bombalı hücumlar həyata keçirilib

Pakistanın Xayber Paxtunxva əyalətində baş verən iki ayrı hücumda ən azı 3 polis əməkdaşı həlak olub, 20 nəfər yaralanıb.

Birinci hücumda silahlı şəxslər əyalətin Yuxarı Dir bölgəsində təhlükəsizlik qüvvələrinin karvanını hədəfə alıblar. Üç polis əməkdaşı ölüb, 15 nəfər yaralanıb.

Bir neçə saat sonra Bannu şəhərindəki polis qərargahına bomba yüklü maşınla ikinci hücum həyata keçirilib. Bu hücumda yaralananların ən azı 5-i polis əməkdaşıdır.

Hələlik heç bir şəxs və ya təşkilat hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib. Təhlükəsizlik qüvvələri hadisələrlə bağlı araşdırmaya başlayıb və bölgədə təhlükəsizlik tədbirləri artırılıb.