Naxçıvanda yaranan problemin çıxış yolu

“Aşsüzən media”mızın başı Şuşada şəkil çəkdirməyə qarışıb, ölkənin strateji bir coğrafiyasına gediş-gəlişdə barıt çəlləyinə çevrilən, get-gedə şişən mühüm bir problemə isə əhəmiyyət verən, diqqətdə saxlayan yoxdur.

Söhbət 3 ölkəylə quru sərhədi olan, yalnız hava nəqliyyatının ümidinə qalan Naxçıvan Muxtar Respublikasına gediş-gəlişdən, sürətlə boşalan bu diyarın insanlarının çəkdikləri min bir əziyyətdən, rastlaşdıqları alçaldıcı və dözülməz rəftardan gedir.

Hər ilin yay aylarında və yaxud bayram, tətil günlərində Naxçıvan camaatı eyni problemlə üzləşir, eyni stressi, gərginliyi, əsəbi ovqatı yaşamalı olur: evinə, yasına, toyuna, xəstəsini və ya əsgər övladını yoluxmağa gedib-gəlmək istəyən, qəfil işi çıxan, meyidini aparan vətəndaşlarımız saatlarla, bəzən günlərlə “Azal” adlı “kal armud”un hoqqalarına, fırıldaqlarına dözmək məcburiyyətində qalır!

Bütün fırıldaqlar, hoqqalar da “təhlükəsizlik” amili ilə əsaslandırılır. Guya, camaatın təhlükəsizliyini, rahatlığını düşünürmüşlər...

Halbuki hər kəs çox yaxşı bilir və bu həqiqət getdikcə daha aydın görünür ki, bir bölgənin əhalisi çox arxayın şəkildə ölkədə uçuşları həyata keçirən monopolist şirkətin biznes maraqlarına, daha çox qamarlamaq və talamaq hərisliyinə qurban verilir!

Anlamırlar ki, insanların halallıq vermədiyi, ah-naləsiylə qazanılan və lənət hopdurduğu gəlir, gec-tez, sahibinə dərin məyusluq və kədərdən başqa bir şey gətirməz!

Problemdən çıxış yolu varmı? Əlbəttə, var!

Biri “Azal”ın monopoliyasına son qoymaq, daha ucuz, sərfəli və müntəzəm reys təşkil edə bilən şirkətləri, nəhayət, ölkəyə buraxmaqdır.

Digəri isə ABŞ və İsrailin təzyiqlərinə baxmayaraq, İranla danışıb, Naxçıvana avtomobillərimizin maneəsiz gediş-gəlişini təmin etməkdir!

6 ildir Naxçıvan camaatı böyük ümid və həvəslə gözləyir ki, məğlub etdiyimiz Ermənistan, təslimçi sənəd imzalatdırdığımız Paşinyan haçan öhdəliklərinə əməl edəcək, yollarımızı açacaq?!

Görünən isə odur ki, “haça-paça” vəziyyətində qalmış Ermənistanın dünyanın geopolitik xəritəsində yeri tam müəyyənləşənədək, bu ölkə üzərindən Naxçıvana keçəcək quru yollarının – Trampın adının verildiyi dəhlizin açılması hələ xeyli ləngiyəcək.

Bizim camaatımıza xitabən “36 ildir dözmüsünüz, daha bir neçə il də dözün”, – cavabı da çıxış yolu deyil, yalnız cəmiyyətdə parçalanma, hökumətə isə qəzəb və nifrət yaradır!

Üstəlik, artıq hər kəs anlayır ki, Azərbaycan tərəfinin milyonlarla vəsait xərcləyib çəkdiyi, Azərbaycan-İran-Türkiyəni birləşdirəcək və münasibətləri daha da yaxınlaşdıracaq Ağbənd-Kəlalə avtomobil yolu istifadəyə tam hazır olsa da, məhz ABŞ və İsrailin aramsız basqıları səbəbindən açılışı ləngiyir.

Müharibə riski bəhanəsiylə Biləsuvardan İrana və oradan Naxçıvana gedib-gələn avtobus reysləri də dayandırılıb.

Beləcə, Naxçıvan camaatı bir tərəfdən “Azal”ın hərisliyinin, o biri yandan da ABŞ və İsrailin İran siyasətinin günahsız qurbanına çevrilib.

Ən acınacaqlısı da odur ki, ”Azal”la “aşsüzən media”mız yaxşıca anlaşıb, bir-biriylə dil tapıblar – Cahangir Əsəgərovun hələ bığlarının tökülməmiş vaxtlarından imzalanan “müqavilələr”in yağı qurumayıb və “Azal”ın yeni rəhbərliyi dövründə “bığyağlama işi” daha da inkişaf etdirilib.

Bu səbəbdən də siz “aşsüzən media”da nə Naxçıvana gedib-gələn vətəndaşlarımızın şikayətlərini görə bilərsiniz, nə ABŞ və İsrailin İran siyasətinin tənqidini, nə də “Araz dəhlizi”nin tezliklə açılmasının gərəkliyini...

Bizdən demək. Unutmayın ki, nəsihət eşitmək istəməyini bir gün müsibət ayıldar!

 

Elxan Şükürlü