"Tərtər işi": 5 milyon manat təzminat istəyən ataya 40 min manat kəsilib

2017-ci ildə “Tərtər işi” kimi tanınan hadisələrdə həyatını itirən hərbçi Ruslan Ocaqverdiyevin atası İlham Ocaqverdiyevin təzminat tələbilə bağlı məhkəmə prosesi yekunlaşıb.

"Azadlıq Radiosu"nun xəbərinə görə, ata iddia ərizəsində maddi zərərə görə 310 min, mənəvi zərərə görə isə 5 milyon manat təzminat tələb edib.

Nəsimi Rayon Məhkəməsi maddi ziyanla bağlı Ocaqverdiyevin iddiasını təmin etməyib. Mənəvi ziyana görə isə ona 40 min manat təzminat ödənilməsi barədə qərar çıxarılıb.

Hakim Əfsanə Heydərova qərarı hadisədən xeyli vaxt keçməsi ilə əsaslandırıb. "Müəyyən müddətin keçməsi ilə mənəvi sarsıntının dərəcəsi əvvəlki dövrlə müqayisədə nisbətən azala bilir”, - qərarda qeyd olunub.

Daha öncə məhkəməyə müraciət etmiş R.Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyevaya da 50 min manat təzminat kəsilmişdi.

Bakı Hərbi Məhkəməsi R.Ocaqverdiyevin Tərtər hadisələrində işgəncə nəticəsində öldürülməsini təsdiqləyib. Hadisələr zamanı o, hərbi hissədə tağım komandirinin müavini olub.

2017-ci ilin may-iyun aylarında Tərtərdə kütləvi işgəncələr nəticəsində 11 əsgər və zabit həyatını itirib.

2021-ci ildə “Tərtər işi”nin istintaqı yeniləndikdən sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. 13 hərbçi isə işgəncə vermək ittihamı ilə həbs olunub.

Zərərçəkənlər isə həbs olunanların sadəcə əmr yerinə yetirdiyini bildirir, hadisələrin əsl təşkilatçılarının cəzalandırılmasını tələb edirlər.

Adı hallanan vəzifəli şəxslər arasında müdafiə naziri Zakir Həsənov, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıxov, hərbi prokuror Xanlar Vəliyev və başqaları var. Lakin istintaq və məhkəmə bu şəxsləri dindirmələrə cəlb etməyib.