2025-ci ildə Azərbaycanda bir ailə üzvünün orta aylıq istehlak xərci 384 manat olub

Dövlət Statistika Komitəsinin 10 min ev təsərrüfatı arasında keçirdiyi sorğunun nəticələrinə görə, şəhərlərdə bu göstərici 398 manat, kənd yerlərində isə 368 manat təşkil edib.

DSK-nın “Ev təsərrüfatlarına dair” 2025-ci il hesabatında bildirilir ki, əhalinin nominal istehlak xərcləri 2024-cü illə müqayisədə 5,8 faiz artıb.

Ən çox artım nəqliyyat, mehmanxana, kafe və restoran, tütün məmulatları, həmçinin istirahət və mədəniyyət xidmətlərində qeydə alınıb.

Ümumi istehlak xərclərinin 42,9 faizi qida məhsullarına, 27,1 faizi qeyri-qida məhsullarına, 31,5 faizi isə xidmətlərə xərclənib.

Adambaşına aylıq istehlak xərcinin 164,7 manatı qida məhsullarına, 7,6 manatı isə tütün məmulatlarına sərf olunub. Şəhərlərdə bir nəfərin aylıq qida xərci 169 manat, kənd yerlərində isə 159,6 manat olub.

Paltar və ayaqqabı üçün adambaşına orta aylıq xərc 22,4 manat təşkil edib.

2024-cü illə müqayisədə ailələrin xərclərində ən böyük artım xidmət sektorunda müşahidə olunub. Nəqliyyat xərcləri təxminən 10 faiz artaraq adambaşına aylıq 26,7 manata çatıb. Şəhər yerlərində bu göstərici 10,5 faiz yüksəlib.

Mehmanxana, kafe və restoran xidmətlərinə çəkilən xərc 9,7 faiz artaraq adambaşına 28 manat olub.

Su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə çəkilən xərclər 3,3 faiz artaraq 29,6 manata çatıb.

Səhiyyə və təhsil xidmətlərinə çəkilən xərclər də təxminən 6 faiz artıb. Əhali səhiyyə xidmətlərinə orta hesabla aylıq 20,1 manat, təhsil xidmətlərinə isə 6,3 manat xərcləyib.

Rabitə xidmətlərinə çəkilən xərc 7,6 faiz artaraq 13,2 manat olub. İstirahət və mədəniyyət xidmətlərinə çəkilən orta aylıq xərc isə 16 manat təşkil edib.

DSK-nın sorğusuna əsasən, 2025-ci ildə adambaşına orta aylıq gəlir 389 manat olub.

Bu göstərici ilə adambaşına aylıq istehlak xərci arasındakı fərq ölkə üzrə 4,5 manat təşkil edib. Şəhər yerlərində bu fərq 6,7 manat, kənd yerlərində isə 1,9 manat olub.