Şiəlik və ya Məhərrəm mərasimləri dini inanc, məzhəb deyil, milli kimik - identifikasiya elementidir

Gürcüstanda Məhərrəm məclisləri yenə müzakirə mövzusu olub. Artıq demək olar ki, hər il və ya 2-3 ildən bir Gürcüstan müsəlmanlarının dini məclisləri Bakıda həyəcanla müzakirə olunur.

Məsələni dramatikləşdirmək üçün İranın Gürcüstan azərbaycanlılarını "ələ keçirdiyi" söhbətləri ortaya atılır. Amma tək Borçalı deyil, Dərbənd, İğdır, Qarsla bağlı oxşar vəziyyət var.

Bakıdan (eləcə də Tiflisdən) bu fəryadların nə qədər səmimi olduğu və ya hamısının eyni məqsədlə olduğuu demək çətindir. Amma hamısının şüarı birdir: Gürcüstan azərbaycanlıları (eləcə də dərbəndlilər, qarslılar, iğdırlılar) İranın təsiri altına düşüb, "İran orda at oynadır" filan. Hər kəs də mövzuya daha faciəvi və dramatik don vermək üçün işi milli təhlükəsizlik məsələsi səviyyəsinə qaldırır. 

Bu mövzuda sırf izahat və maariflənmə naminə bəzi qeydləri yazmağa ehtiyac görürəm. Qısa yazacam ki, oxumağa hövsələniz olsun.

1-cisi. Özlərinə "azərbaycanlı", "azeri türkləri" deyən Dərbənd, Borçalı, Qars-İğdır və digər (bura İraq Kərkük bölgəsini və hətta dərinə gedəndə Əfqanıstanı da daxil etmək olar) soydaşlarımız yaşayan yerdə İran dini sahədə üstünlüyu ələ alıbsa bunun günahı Azərbaycan Respublikasının müvafiq qurumlarındadır. Çünki Azərbaycan uzun illər diaspor və xaricdəki soydaşlarla işləyəndə din mövzusuna ümumiyyətlə yaxın durmayıb, barmaqarası baxıb. Nəticədə yaranmış boşluğu təbii olaraq İran doldurub.

2-cisi. Borçalı, Qars-İğdır, həmçinin İraq türkmənləri bölgəsini gəzmiş və müşahidələr aparmış biri kimi deyirəm: Şiəlik və ya Məhərrəm mərasimləri bu ərazilərdəki azərbaycanlılar üçün yalnız dini inanc, məzhəb deyil, milli kimik - identifikasiya elementidir. Dağıstanda Dərbənd azərbaycanlılarının və ya Qars-İğdırdakı soydaşlarımızın "azəri-azərbaycanlı" olaraq tanınmasının, belə deyək, onların çoxmilyonluq müsəlman cəmiyyətində "əriməyib, azərbaycanlı olara qalmasının" əsas səbəbi Məhərrəm-Aşura, Novruz və bu kimi digər milli adət və ənənələrdir. Bu cür spesifik adətlər olmasaydı indi ordakı soydaşlarımız çoxdan qaynayıb-qarışmış, elmi dildə desək assimlyasiya olmuşdu.

Yəni Bakıda oturub xəritədə strateji plan quran "intillegentin" İran təsiri kimi gördüyü Novruz və ya Aşura Borçalıda, Dərbənddə, Qars və İğdırda yaşayan soydaşlarımız üçün Milli Kimliyin qoruyucu ünsürüdür.

3-cüsü. Bu kimi həssas və qırılqan mövzularda bolşevik yanaşmasından qurtulmaq lazımdır. Dərbənddə və ya İğdırda Aşura keçirən adama İran agenti dedikdə onu incitdiyini, ən təhlükəlisi isə ordakı insanları böldüyünü anlamaq lazımdır. Unutmaq olmaz ki, Azərbaycan o bölgələrdəki insanların ana vətəni hesab olunur, Ana Vətən öz soydaşlarını itirilmiş, xarici dövlətin təsiri altına düşmüş qruplar kimi təqdim etməməlidir, əksinə, onları qucaqlamalıdır.

Bunların bacarmırsa, heç olmasa sakit durması lazımdır. Ara qarışdırmaq, mövcud olanı da dağıtmaq yaxşı deyil. Bu xalq min ildir özünümüdafiə mexanizmləri yaradıb, imperiyaların təzyiqinə baxmayaraq kimliyini qoruyub saxlayıb, barı siz indi onu yaralamayın.

 

Kənan Rövşənoğlu