Rusiyanın neft emalı infrastrukturlarına endirdiyi dron zərbələri ölkənin bir sıra regionlarında yanacaq çatışmazlığı yaradıb

Ukraynanın Rusiyanın neft emalı infrastrukturlarına endirdiyi dron zərbələri ölkənin bir sıra regionlarında yanacaq çatışmazlığı yaradıb. Omsk, İrkutsk, Voronej, Saratov, Vladimir vilayətləri və Krımda benzin satışına məhdudiyyətlər tətbiq olunub.
Bəzi bölgələrdə sürücülərə müəyyən həcmdən artıq yanacaq satılmır. Krımda isə Kerç boğazı yaxınlığındakı logistika obyektinə zərbədən sonra benzin satışı dayandırılıb. Federal Antiinhisar Xidməti yanacağın onlayn satışını da qadağan edib.
“Reuters”in məlumatına görə, Rusiyada benzin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz azalıb. Yay mövsümündə tələbat artsa da, istehsalın azalması regionlarda yanacaq bölgüsünün xüsusi nəzarətə götürülməsinə səbəb olub.
Ukrayna rəsmiləri Rusiyanın Qara dənizdə mülki ticarət gəmilərini hədəf aldığını bildirir. İyunun 22-nə keçən gecə baş verən hücum zamanı Türkiyə şirkətinə məxsus və Panama bayrağı altında üzən "Victress" gəmisində yanğın baş verib. Nəticədə ekipaj üzvlərindən biri həlak olub, digər dənizçilər isə xilas edilib.
Kiyevin məlumatına görə, hücuma məruz qalan yeganə gəmi bu olmayıb. Palau və Beliz bayraqları altında üzən digər mülki gəmilər də zərbələrə məruz qalsa da, hərəkətlərini davam etdirə biliblər.
Eyni zamanda Ukrayna ordusu Rusiyanın "kölgə donanması" kimi tanınan neft tankerlərinə və işğal olunmuş Ukrayna limanlarına daxil olan bəzi gəmilərə qarşı əməliyyatlarını davam etdirir.