Mayın 5-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Bakının Xətai rayonunda evi sökülmüş sakinin şikayətinə baxıb.
Vahid Məmmədov adlı sakin ərizəsində 2012-ci ildə digər iki şəxslə şərikli sahibi olduğu mənzilin Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə söküldüyünü bildirib. İcra hakimiyyəti söküntünü ərazidə avtomobil dayanacağı tikiləcəyi ilə əsaslandırıb.
Ərizəçi söküntünü icra edən şirkətdən 970 min manatdan çox təzminat istəyib. Xətai Rayon Məhkəməsi evin qanunsuz söküldüyünü təsdiqləsə də, ərizəçiyə 354 min manat ödənilməsi qərarı verib.
V.Məmmədov qərardan şikayət versə də, Bakı Apellyasiya Məhkəməsi ona ödəniləcək təzminatın məbləğini 107,360 manata endirib. Ali Məhkəmə də ərizəçinin şikayətini təmin etməyib.
AİHM qərarında göstərib ki, yerli məhkəmələr təzminat təyin edərkən niyə yalnız yaşayış sahəsini nəzərə aldıqlarını və ya mənzilin dəyəri ilə bağlı hansı ekspert rəyinə əsaslandıqlarını izah etməyiblər. Bundan əlavə, ərizəçinin mənzilin digər sahiblərinin öz paylarını daha yüksək qiymətə satdıqları ilə bağlı arqumenti də məhkəmələr tərəfindən nəzərə alınmayıb.
Nəticədə Avropa Məhkəməsi müəyyən edib ki, ərizəçiyə verilən kompensasiya adekvat olmayıb və buna görə də onun mülkiyyət hüququ pozulub.
Məhkəmə ərizəçiyə maddi zərərə görə 151,250 avro, mənəvi zərərə görə isə 3000 avro təzminat təyin etməyə qərar verib.
Avropa Məhkəməsi müəyyən edib ki, ərizəçiyə verilən kompensasiya adekvat olmayıb və buna görə də onun mülkiyyət hüququ pozulub