Jurnalist Əfqan Sadıqov polis tərəfindən saxlanıldığı bildirilir

Gürcüstandan Azərbaycana deportasiya edilmiş jurnalist Əfqan Sadıqovun aprelin 6-da polis tərəfindən saxlanıldığı bildirilir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova sosial media hesabında məlumat yayıb.

Jurnalistin hansı ittihamla saxlanıldığı barədə hələ ki məlumat yoxdur.

Ə.Sadıqov bir gün öncə Gürcüstan məhkəməsinin qərarı ilə Azərbaycana deportasiya edilib. O, Azərbaycana qaytarılacağı halda həbs olunacağını ehtimal edirdi.

"Azel TV” "YouTube" kanalının rəhbəri olan Əfqan Sadıqov 2024-cü il avqustun 3-də Tbilisidə həbs edilib.

Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər.

Lakin ötən il fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist ötən il aprelin 16-da azadlığa buraxılıb.

Bu il aprelin 1-də isə Azərbaycan tərəfi Ə.Sadıqova qarşı cinayət işinə xitam verib və hu barədə Gürcüstan tərəfini məlumatlandırıb.