BBC telekanalı Britaniya Kino Akademiyası Mükafatları (BAFTA) mərasiminin yayımında rejissor Akinola Devisin çıxışındakı “Azad Fələstin” şüarını montajla çıxardığı üçün tənqid atəşinə tutulub. Halbuki eyni yayımda səsləndirilən irqçi bir söz olduğu kimi efirə gedib.
Devis "Atamın Kölgəsi" filmi ilə “britaniyalı ssenarist, rejissor və ya prodüserin ən yaxşı debüt işi” nominasiyasında mükafat alıb. O, mükafatı qəbul edərkən nitqini “işğal, diktatura və təqib altında olanlara, həmçinin soyqırımı yaşayanlara” həmrəylik ifadə edən sözlərlə və "Azad Fələstin" şüarı ilə bitirib.
BBC isə iki saat gecikmə ilə efirə verdiyi tədbirin yayımında şüarı senzura edib.
Tədbirin digər bir hissəsində efirə irqçi bir ifadənin getməsi isə yeni mübahisələrə yol açıb. Qaradərili aktyorlar Maykl Cordan və Delroy Lindo “Ən yaxşı vizual effektlər” nominasiyası üzrə qalibi elan edərkən, zaldan kimsə qaradərililərə qarşı yönəlmiş irqçi söz səsləndirib.
Sonradan məlum olub ki, həmin şəxs Turet sindromu olan insanların hüquqlarını müdafiə edən, özü də həmin xəstəlikdən əziyyət çəkən Con Devidson adlı bir şəxs olub. Turet sindromu cəld təkrarlanan hərəkətlər və ya səslər, o cümlədən cəmiyyət tərəfindən qəbulolunmaz ifadələrlə müşayiət oluna bilən əqli məhdudiyyətdir.
BBC tədbiri efirə verərkən bu sözü kəsmədiyi üçün üzr istəyib. Bildirilib ki, tədbirin onlayn yayımlanacaq versiyasında həmin hissə çıxarılacaq.
BBC "Azad Fələstin" şüarına senzura qoyub