Tofiq Yaqublu beynəlxalq mükafata layiq görülüb

Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublu beynəlxalq mükafata layiq görülüb.
O, Dünya Azadlıq Konqresinin "Cəsarət" mükafatını qazanıb. Bu barədə hüquq müdafiəçisi Arif Yunus məlumat verib.
Onun sözlərinə görə, mart ayından bəri bu mükafata namizədlərin irəli sürülməsi prosesi gedib və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus T.Yaqublunun namizədliyini irəli sürüb. A.Yunus mükafata ümumilikdə 60 ölkədən namizədlərin irəli sürüldüyünü deyib.
Noyabrın 9-da Berlində keçirilən mükafatın təqdimatına T.Yaqublunun qızı Nigar Həzi yalnız video vasitəsilə qoşula bilib. Mükafatı T.Yaqublunun adından Arif və Leyla Yunuslar qəbul edib.
Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Özü isə ittihamları qurama sayır.