Polis Gürcüstanda son 5 gündə 29 aksiya iştirakçısını saxlayıb

Daxili İşlər Nazirliyinin əməkdaşları son 5 gün ərzində yığıncaq–mitinq keçirilməsi qaydasının pozulmasına görə, inzibati xətalar məcəlləsinə uyğun olaraq, Tbilisinin Rustaveli prospektinin qanunsuz bağlanması səbəbilə aksiyanın 29 iştirakçısını saxlayıblar.

Bu barədə məlumatı DİN yayıb.

“Aksiya iştirakçıları patrul polisi əməkdaşlarının onlara dəfələrlə etdiyi qanunsuz hərəkətlərə yol verməmək və yolun hərəkət hissəsini bağlamamaq barədə çağırışlara tabe olmayaraq, az sayda olmalarına baxmayaraq, yenidən Rustaveli prospektini bağladılar və nəqliyyatın hərəkətini süni şəkildə məhdudlaşdırdılar. Bir daha aksiya iştirakçılarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırırıq, əks halda Gürcüstan Daxili İşlər Nazirliyi qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərəcək, bütün hüquq pozan şəxslərin şəxsiyyətini müəyyən edəcək və onlar barəsində qanunla nəzərdə tutulmuş müvafiq tədbirlər görəcək” , - məlumatda deyilir.