Baş nazirin "Məhəmməd" adı ilə bağlı həqarətli sözlərinə sərt reaksiya

Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtəqi Əsədov Baş nazirin bəyanatına sərt reaksiya verib.

Din xadimi özünün "Facebook" səhifəsində yazıb ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə, xüsusilə də ölkədə yaşayan müsəlman icmaları arasında ciddi narahatlıq doğurub.

Mirtağı Əsədov Baş nazirin sözlərini İslam dininə və milyonlarla müsəlmanın inancına qarşı hörmətsizlik kimi qiymətləndirib.

“Bu cür bəyanatlar həm İslam dininə, həm də bu dini təmsil edən milyonlarla insanın inancına qarşı hörmətsizlik kimi qəbul olunur. Sual olunur: hörmətli Baş nazir bu sözləri ilə nə demək istəyir? İslamı təhqir etmək, Məhəmməd adını daşıyan insanlara qarşı nifrət yaratmaq, yoxsa onların adını ‘böhran’ kimi təqdim etməklə hansı məqsədi güdür?”,– deyə Mirtəqi Əsədov qeyd edib.

Onun sözlərinə görə, əgər hökumətin Avropa ölkələri ilə münasibətlərində hər hansı siyasi və ya ideoloji fikir ayrılığı mövcuddursa, bunu İslamın müqəddəs adları və dəyərləri üzərindən aparmaq yolverilməzdir.

“Belə yanaşmalar cəmiyyətin dini və milli birliyinə zərbə vurur, milyonlarla müsəlmanın duyğularına toxunur. Gürcüstanda yüz minlərlə müsəlman yaşayır və ‘Məhəmməd’, ‘Əli’ kimi adlar bu xalqın ən çox sevdiyi, hörmət etdiyi adlardandır. Heç kim insanların övladlarına hansı adı verməsinə müdaxilə edə bilməz – bu, onların təbii hüququ və şəxsi seçimidir” – deyə o qeyd edib.

Din xadimi deyib ki, hökumət diqqətini ölkənin real problemlərinə – iqtisadi çətinliklərə, sosial ədalətsizliklərə, bölgələr arasında bərabərsizliyə və gənclərin gələcək narahatlıqlarına yönəltməlidir. “Məhəmməd” adı böhran deyil – o, nur, bərəkət və rəhmətdir.”