Tərlan Səyadov: “Başımdakı səs-küy elə həddə yüksəlib ki, hər bir addım atmağa hazıram”

Yüksək əsəb həssaslığına malik Tərlan Səyadovun səhhətindəki problemlər onun həyatını dəhşətli işgəncəyə çevirib. İstintaq dövründən təcridxanasında başında yaranan səslər hal-hazırda onu kabusuna çevrilib. Müəyyən məhdud müalicələr alsa da, nəticə dəyişməz olaraq qalır.

Məsələnin getdikcə daha ciddi hal alması isə təkcə Tərlanın deyil, ailəsinin də narahatlığına səbəb olub.
Tərlan Səyadov baş beyin sistemində sinir problemləri səbəbindən 2015-ci ilin əvvəllərində iflic keçirib. Üz quruluşunun belə deformasiyaya uğramasına səbəb olan bu durum onun səhhətində ciddi problemlərə yol açıb. Həkimlərin iflici müalicəsi müddətində T. Səyadov dərmanların çoxluğu səbəbindən mədə qanaxmasına gətirib çıxaran başqa bir fəsadın qurbanı olub.

Buna görə də iflicin müalicəsini zəiflədən həkimlər müalicəni daha çox mədənin üzərinə fokslayırlar. Hansı ki, nəticədə Səyadov bir ilin içərisində ikinci dəfə iflic keçirir.
Bundan sonra uzunsürən əsəb müalicələri, mədə və beyin tənzimləmələri alan Səyadov çox çətinliklə və qismən səhhətini bərpa edə bilsə də ara-sıra müalicələr alır. 2024-cü ilin 15 martda narkotiklərlə şərlənən Tərlan saxta ittihamlar, yalançı şahidlər və məzhəkə olan məhkəmənin onda yaratdığı narahatlıqlar səbəbindən başında küt səslər yaranmağa başlayır.
Təcridxanada qısamüddətli müalicələr edilsə də, problemin dəqiq ocağının müəyyən edilməməsi bu gün Tərlan Səyadovda ciddi narahatlıqları ortaya qoyub.
“Artıq bu səslər məni əsəb gərginliyinə gətirib çıxarıb. Kamera şəraitində bunun həllinin mümkün istənilən addımına sürüklənirəm. Əsəblərimin buna nə qədər tab gətirəcəyini bilmirəm. Müəssisə rəhbərliyindən tibbi heyətə qədər hər kəsə müraciət edib ciddi müayinə olunmağım üçün yardım istəmişəm.”

Avqustun 8-də müəssisəyə dəvət edilən həkimin Tərlan Səyadovu kənar müayinə edərək ona qəbul ediləcək dərmanlar verib. Lakin xəstəliyin əsil səbəbinin müəyyən edilməməsi baş qaldıran səsləri azalması deyil, hətta yüksəlməsinə gətirib çıxarıb.
“Mənim onlardan istəyim yalnız günlərdir başımda məni dəli edəcək qədər yüksələn səsin səbəbini tapmaq və onu aradan qaldırmaqdır. Artıq dəhşətli işgəncəyə çevrilən bu səsin narahatlığından günlərdir ki, yata bilmirəm” deyə o bildirib.

Müəssisə rəhbəri Rauf Nəbiyevə də yazılı müraciət edən Tərlan Səyadov hələ də müayinə olunaraq xəstəliyinə çarə tapa bilmir. Müəssisə tibb qovşağı bu problemin onun sahəsinə aid olmadığını, MRT (Maqnit Rezonans Tomoqrafiya) olunmasının zərurətini bildirsə də, lakin müəssisə T. Səyadovu müxtəlif bəhanələrlə Müalicə Mərkəzinə göndərməkdən imtina edir.

Məsələ ilə bağlı ailə Ombudsmanlığa, Penitensiar Xidmətin qaynar xəttinə müraciət edib. Məsələnin aydınlaşdırılacağına söz verilsə də hələ ki, problem həll olunmadan qalır.